Qəzza-Misir sərhəd-keçid məntəqəsi məhdud sayda xəstə üçün yenidən açılıb

Rəfah sərhəd-keçid məntəqəsi fevralın 2-də qısa müddətə məhdud gediş-gəliş üçün yenidən açılsa da, İsrailin İrana qarşı hücumları səbəbindən...

By
Qəzza-Misir sərhəd-keçid məntəqəsi / Reuters

Rəfah sərhəd-keçid məntəqəsi fevralın 2-də qısa müddətə məhdud gediş-gəliş üçün yenidən açılsa da, İsrailin İrana qarşı hücumları səbəbindən bütün keçidləri bağlamasından sonra fevralın 28-də təkrar bağlanmışdı.

Misir dövlət mediası və Misir Qızıl Aypara Cəmiyyətinin rəsmisi bu gün (19 mart 2026) Qəzzanın Misir ilə sərhəd keçid məntəqəsinin, İsrail və ABŞ-nin İrana qarşı hücumlar başlatmasından bəri ilk dəfə məhdud sayda insan üçün yenidən açıldığını bildirib.

Adının açıqlanmaması şərti ilə AFP-yə danışan Misir Qızıl Aypara rəsmisi Rəfah keçidinin hər iki istiqamətdə açıldığını və bu vəziyyətin fələstinli xəstələrin Misirə keçməsinə, eləcə də orada qalan fələstinlilərin Qəzzaya qayıtmasına imkan yaradacağını qeyd edib.

Misir kəşfiyyat xidmətlərinə yaxın olan "Al-Qahera News" Misir tərəfindən Qəzzaya təkrar keçməyə hazırlaşan, aralarında müalicə alan şəxslərin də olduğu az sayda fələstinlinin görüntülərini yayımlayıb.

Bundan əlavə, görüntülərdə dağılmış fələstin torpaqlarından çıxan xəstələri qəbul etmək üçün gözləyən bir neçə təcili yardım maşını görünüb.

İsrail həftənin əvvəlində Rəfah keçid məntəqəsinin martın 18-də yenidən açılacağını elan etmiş, lakin sözügedən keçid açılmamışdı.

Açıqlamada gediş-gəlişin Misir ilə koordinasiyalı şəkildə, İsrailin təhlükəsizlik təsdiqinə tabe olaraq və Avropa İttifaqının sərhəd missiyası tərəfindən izlənilərək yenidən başlayacağı bildirilmişdi.

Fələstin bölgələrindəki mülki işlərə nəzarət edən İsrail Müdafiə Nazirliyinin bölməsi COGAT-ın məlumatına görə, gələn sərnişinlər Qəzza daxilində İsrail ordusunun nəzarətindəki bir ərazidə əlavə təhlükəsizlik yoxlamasından keçiriləcək.

Aİ Rəfaha sərhəd yardım missiyasının (EUBAM) heyətini fevralın əvvəlində yerləşdirib.

Qəzza müharibəsi zamanı təxminən iki il əvvəl İsrail qüvvələri tərəfindən ələ keçirilən Rəfah fevralın 2-də məhdud keçidlər üçün qısa müddətə yenidən açılmışdı, lakin İrana qarşı hücumların başlamasından sonra İsrail bütün keçid məntəqələrini bağladıqda, fevralın 28-də təkrar bağlandı.

İsrailin nəzarətindəki Kerem Şalom sərhəd-keçid məntəqəsi bir neçə gün sonra yanacaq da daxil olmaqla məhdud humanitar yardım üçün yenidən açılıb.

Bir çox xəstə və yaralı qəzzalı üçün Rəfah Misirdə tibbi xidmətə çatmaqda həyati bir marşrut və ayrı düşmüş ailələrin yenidən birləşə bilməsi üçün nadir yollardan biri olub.

Lakin keçən ay yenidən açılmasına baxmayaraq, çox az sayda fələstinlinin keçidinə icazə verilib.

Misirli üç sərhəd rəsmisinin verdiyi məlumata görə, Misirə giriş üçün gündəlik kvota 50 xəstə ilə məhdudlaşdırılıbı; hər xəstəni ən çox iki müşayiətçi nəzarət edə bilər və Qəzzaya qayıtmasına icazə verilən şəxslərin sayı da 50 nəfərlə məhuhlaşdırılıb.

Sərhədin fevral ayında qısa müddətli açılışı zamanı geri dönənlər, hərtərəfli təhlükəsizlik yoxlamalarından və sorğu-suallardan keçdiklərini ifadə ediblər.