Netanyahu koalisiya sabitliyini qorumaq üçün ABŞ administrasiyası ilə koordinasiyanı vurğulayaraq, ifrat sağçıların təzyiqi qarşısında İordan çayının qərb sahilinin ilhaqına ehtiyatlı cavab verməyə üstünlük verib.
İsrail mətbuatının yazdığına görə, Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması dalğası fonunda İsrailin hakim koalisiyası daxilində parçalanmalar yaranıb.
"Channel 12" telekanalının məlumatına görə, soyqırımçı Netanyahu İsrailin Qərb qərarlarına reaksiyasını müzakirə etmək üçün sentyabrın 21-də təcili toplantı keçirib. Onun milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrişi görüşdən kənarlaşdırması koalisiya daxilində gərginliyə səbəb olub.
Xəbərdə adı açıqlanmayan siyasi mənbələrə görə, Ben-Qvirin müttəfiqləri bu addımı İsrailin İordan çayının qərb sahili üzərində suverenliyini genişləndirmək tələblərini yumşaltmaq cəhdi kimi şərh ediblər. Ben-Qvir və digər ifrat sağçı fiqurlar ilhaq planlarının sürətləndirilməsi və Fələstin hakimiyyətinin dağıdılması kimi daha sərt tədbirlərə əl atırlar.
Bununla belə, Netanyahunun koalisiyanın sabitliyini qorumağa və gələcək diplomatik problemlərdən imtina etməyə yönəlmiş daha ehtiyatlı yanaşmaya üstünlük verdiyi bildirilir. Məlumata görə, görüş zamanı Netanyahunun İsrailin reaksiyasının formalaşdırılmasında ABŞ prezidenti Donald Tramp administrasiyası ilə sıx koordinasiyanın vacibliyini vurğuladığı bildirilib.
Qeyd edək ki, sentyabrın 21-də Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstini tanıdıqlarını elan edib. Bununla da BMT-yə üzv 193 ölkədən 153-ü Fələstini rəsmiyyətdə tanıyıb.
Daha 11 ölkə, o cümlədən Malta, Lüksemburq, Fransa, Belçika və Ermənistan bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstini tanımaq planlarını açıqlayıb.
Dünya liderlərinin yüksək səviyyəli müzakirələr üçün bu gün toplanacağı bildirilib.






