Antonio Quterreş İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarına münasibət bildirib
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki bəzi əraziləri "dövlət mülkiyyətinə" keçirmək qərarını qətiyyətlə pisləyib
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki bəzi əraziləri "dövlət mülkiyyətinə" keçirmək qərarını qətiyyətlə pisləyib.
İsraili bu qərarları ləğv etməyə çağıran A.Quterreş qeyd edib ki, mövcud vəziyyət iki dövlətli həll ehtimalını ciddi şəkildə azaldır.
Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib ki, Baş katib İsrail hökumətinin 2025-ci ilin mayında qəbul etdiyi qərara əsasən İordan çayının qərb sahilinin C bölgəsində torpaq qeydiyyatının bərpası ilə bağlı addımını pisləyir.
S.Dujarrik vurğulayıb ki, bu addım fələstinliləri mülkiyyət hüququndan məhrum edə, ərazi üzərində İsrail nəzarətini genişləndirə bilər.
Oslo sazişi
İşğal altındakı İordan çayının qərb sahili 1993-cü il Oslo sazişlərinə əsasən üç inzibati bölgəyə bölünüb.
İordan çayının qərb sahilində mövcud inzibati bölgü əsasən 1993-cü ildə imzalanmış Oslo Sazişlərinə əsaslanır. Bu razılaşmaya görə ərazi A, B və C bölgələrinə bölünüb.
A bölgəsi – İordan çayının qərb sahilinin təxminən 18 faizini əhatə edir və Fələstin mülki və təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.
B bölgəsi – təxminən 22–23 faizi əhatə edir, mülki idarəetmə Fələstin tərəfinə, təhlükəsizlik nəzarəti isə İsrailə məxsusdur.
C bölgəsi – ərazinin təxminən 60 faizini təşkil edir və tam şəkildə İsrailin işğalı altındadır.
C bölgəsində təxminən 150 min fələstinlinin yaşadığı bildirilir.