Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqların ikinci günü başlayıb.
Rusiyanın TASS agentliyinin məlumatına görə, tərəflərin nümayəndə heyətləri dünən başlayan danışıqları davam etdirmək üçün bu gün yenidən bir araya gəliblər.
Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir. Danışıqlarda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner də iştirak edirlər. Görüşlərin yekununda heyətlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.
Rəsmi internet səhifəsində paylaşım edən Rüstəm Umerov danışıqların ikinci gününün başladığını təsdiqləyib.
“Əvvəlcə ABŞ və Rusiya ilə üçtərəfli görüş keçirəcəyik, daha sonra isə Avropa müttəfiqlərimizlə ayrıca müzakirələr aparacağıq”,-deyə Rüstəm Umerov qeyd edib.
Qeyd edək ki, rəsmi Kiyev Avropa nümayəndələrinin də danışıqlar prosesinə qoşulmasını tələb etsə də, Moskva bu təklifə qarşı çıxır.























