Beynəlxalq Enerji Agentliyi: ''Avropanın 6 həftəlik yanacaq ehtiyatı qalıb"
Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İranla davam edən müharibə səbəbindən Avropanın təxminən altı həftəlik aviasiya yanacağının qaldığı barədə xəbərdarlıq edib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İranla davam edən müharibə səbəbindən Avropanın təxminən altı həftəlik aviasiya yanacağının qaldığı barədə xəbərdarlıq edib. O, yanacaq çatışmazlığı səbəbindən uçuşların ləğvinin "tezliklə" başlaya biləcəyini vurğulayıb.
F.Birol Hörmüz boğazından keçən neft, qaz və digər həyati əhəmiyyət kəsb edən təchizat xətlərindəki fasilələri "indiyə qədər üzləşdiyimiz en böyük enerji böhranı" kimi xarakterizə edib. BEA rəhbəri mövcud vəziyyətin qlobal iqtisadiyyata, xüsusən də iqtisadi artım və inflyasiyaya ağır zərbə vuracağını qeyd edərək Avropanın hazırda çox çətin bir dövr keçirdiyini bildirib.Onun sözlərinə görə, bu böhran benzin, təbii qaz və elektrik enerjisinin qiymətlərinin kəskin artması ilə hiss olunacaq.
Birol enerji böhranının ilk növbədə Yaxın Şərqdən asılı olan Asiya ölkələrinə — Yaponiya, Koreya, Hindistan, Çin, Pakistan və Banqladeşə təsir etdiyini, daha sonra isə bu dalğanın Avropa və Amerikaya çatacağını qeyd edib. Agentlik rəhbəri Hörmüz boğazının yenidən açılmayacağı təqdirdə Avropada şəhərlərarası uçuşların yanacaq qıtlığı səbəbindən təxirə salınmasının qaçılmaz olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, fevralın 28-dən rəsmi Vaşinqton və Tehran arasında başlayan müharibəni dayandırmaq üçün Pakistanda keçirilən danışıqlar nəticəsiz qalıb. Bunun ardınca ABŞ İran limanlarına dəniz blokadası tətbiq etməyə başlayıb.