BMT: “İsrail Qəzzaya humanitar yardımların girişini dayandırıb”

BMT sözçüsü bütün keçidlərin ən qısa müddətdə yenidən açılmasının zəruri olduğunu bildirib

By
BMT: “İsrail Qəzzaya humanitar yardımların girişini dayandırıb” / Reuters

Birləşməş Millətlər Təşkilatı (BMT) martın 2-də İsrailin Qəzzaya açılan bütün sərhəd-keçid məntəqələrini bağladığını və İsrail qüvvələrinin işğal etməyə davam etdiyi ərazilərdə humanitar yardımların fəaliyyətini dayandırdığını açıqlayıb.

Məsələylə bağlı BMT sözçüsü Stefan Düjarrik mətbuat konfransında deyib: “İsrail rəsmiləri Rəfah da daxil olmaqla bütün keçidləri bağlayıb və Qəzzada İsrail bölmələrinin yerləşdiyi ərazilərdə və onların yaxınlığında humanitar yardım fəaliyyətlərini dayandırıb. Həmçinin humanitar personalımızın planlaşdırılmış rotasiyalarını da təxirə salıblar.”

S.Düjarrik vurğulayıb ki, Qəzzadakı insanlar müntəzəm yardım tədarüklərindən asılı vəziyyətdədir. “Nəticə etibarilə tibbi təxliyələr və Qəzzaya geri dönüşlər də dayandırılıb. Bildiyiniz kimi, Qəzzadakı insanlar xaricdən daxil olan müntəzəm humanitar və ticari mal axınına güvənir. Müharibə nəticəsində dağıdılmış bu ərazi üzrə genişmiqyaslı dağıntılar nəzərə alınaraq, biz və tərəfdaşlarımız davam edən məhdudiyyətlərə baxmayaraq sabit və proqnozlaşdırılan yardım məhsullarının axınını təmin etmək üçün çox çalışmışıq. Lakin tam mühasirə şəraitində davamlı olaraq bunu etmək mümkün deyil”, - deyə S.Düjarrik bildirib.

BMT sözçüsü S.Düjarrik bütün keçidlərin mümkün olan ən qısa müddətdə yenidən açılmasının vacibliyini qeyd edib. O əlavə edib ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində əksər nəzarət-buraxılış məntəqələrini bağlı saxlayır. Bu isə Fələstin şəhərləri və vilayətləri arasında hərəkəti məhdudlaşdırır, yaşayış vasitələrinə və əsas xidmətlərə çıxışı çətinləşdirir.

S.Düjarrik sözlərini belə davam etdirib: “Beynəlxalq humanitar hüquq aydındır. Hər gün bunu dəfələrlə bildirdiyimiz kimi, mülki şəxslər qorunmalı, onların əsas ehtiyacları təmin edilməli, o cümlədən humanitar yardımın maneəsiz daxil olması, hərəkəti və paylanması təmin olunmalıdır.”

Qeyd edək ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İran rejiminə qarşı birgə hücuma başlayıb. Buna cavab olaraq İran bölgədəki İsrail və ABŞ bazalarını raket və pilotsuz uçuş aparatları ilə hədəf alıb.

İsrail ölkə üzrə “xüsusi və dərhal qüvvəyə minən fövqəladə vəziyyət” elan edib.