Avstraliya sentyabrda BMT-də Fələstin dövlətini tanıyacağını bəyan edib

Baş nazir E.Albanese Fələstin xalqının dövlət qurmaq hüququnu dəstəklədiklərini bildirib

Avstraliya / Reuters Archive

Avstraliya Baş naziri Entoni Albanese ölkəsinin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını açıqlayıb. Bu qərar, Kanada, Böyük Britaniya və Fransanın atdığı oxşar addımların davamı kimi qiymətləndirilir.

E.Albanese avqustun 10-da jurnalistlərə bildirib ki, İsrail və Fələstin dövlətlərinin daimi şəkildə mövcudluğu təmin edilmədikcə bölgədə sülh ancq müvəqqəti ola bilər.

“Avstraliya Fələstin xalqının öz dövlətinə sahib olma hüququnu tanıyacaq”, – deyə vurğulayan Baş nazir tanıma prosesinin Fələstin rəhbərliyinin öhdəliklərinə sadiqliyindən asılı olacağını qeyd edib.

O, mühasirə altındakı Qəzzadakı vəziyyətin faciəvi hala çevrildiyini və İsrailin beynəlxalq hüququ pozmaqda davam etdiyini söyləyib. İki dövlətli həll çağırışını təkrarlayan E.Albanese hökumətinin həm İsrailin təhlükəsiz sərhədlər daxilində mövcudluq hüququnu, həm də fələstinlilərin öz dövlətlərinə sahib olma haqqını dəstəklədiyini vurğulayıb.

 

Beynəlxalq dəstək

Xəbər verildiyi kimi, Fransa və Kanada ötən ay Fələstin dövlətini tanımaq planlarını açıqlayıb. Böyük Britaniya isə İsrailin Fələstin ərazilərindəki humanitar böhranı aradan qaldırmaması və atəşkəsə razılaşmaması halında eyni addımı atacağını bəyan edib.

Fransa prezidenti Emmanuel Makron iyul ayında verdiyi bəyanatda sentyabrda BMT Baş Assambleyasında Fələstini tanımağı planlaşdırdığını bildirib. Bir neçə gün sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer də ictimai təzyiqlər fonunda eyni addımı atacaqlarını açıqlayıb. Kanada Baş naziri Mark Karni isə ölkəsinin iki dövlətli həllə bağlılığını əsas gətirərək Fələstini tanıyacaqlarını söyləyib.

 

B.Netanyahudan sərt reaksiya

İsrail höküməti Fələstin dövlətinin tanıması qərarını pisləyərək bunun Fələstin müqavimət hərəkatı “Həmas”ı mükafatlandırmaq mənasına gələcəyini iddia edib.

Baş nazir Benyamin Netanyahu avqustun 10-da jurnalistlərə deyib ki, israillilərin əksəriyyəti Fələstin dövlətinin yaradılmasına qarşıdır, çünki bunun sülh yox, müharibə gətirəcəyini düşünürlər.

Eyni vaxtda minlərlə etirazçı Tel-Əviv küçələrinə çıxaraq B.Netanyahunun təxminən iki ildir davam edən soyqırımı genişləndirmə və Qəzzanı tam ələ keçirmə planına etiraz edib.

“Avropa ölkələri və Avstraliyanın bu tələyə düşməsi… Bu, məyusedicidir və məncə, utancvericidir. Ancaq bu, bizim mövqeyimizi dəyişməyəcək”, – deyə B.Netanyahu bildirib.

İsrail və ABŞ-ın “Fələstinin sülhü rədd etdiyi” iddialarına baxmayaraq, B.Netanyahu dəfələrlə Baş nazir olduğu müddətdə heç vaxt Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyini bəyan edib.