Türkiyənin müdafiə nəhəngi ASELSAN 50 yaşını qeyd edir
ELM VƏ TEXNOLOGİYA
4 dəqiqə oxuma
Türkiyənin müdafiə nəhəngi ASELSAN 50 yaşını qeyd edirTürkiyənin müdafiə sahəsindəki şirkəti hazırda dünyanın ən yaxşı şirkətləri sırasındadır və dünyanın müxtəlif ölkələrinə ixrac edilən qabaqcıl müdafiə texnologiyalarını inkişaf etdirir
ASELSAN - TRT Haber / TRT Haber
1 dekabr 2025

Hərbi sahədəki sanksiyaların yaratdığı böhranı aradan qaldırmaq üçün başladılan təşəbbüs Türkiyənin ən iddialı texnoloji uğur hekayələrindən birinə çevrildi.

Ölkənin aparıcı müdafiə-elektronika şirkəti olan ASELSAN noyabr ayında 50 illik yubileyini qeyd etdi. Veteranlar, mühəndislər və hökumət rəsmiləri bu mərhələnin sadəcə bir şirkətin qurulmasından daha çox şey ifadə etdiyini söyləyirlər.

Müdafiə üzrə ekspert və beynəlxalq hüquq və təhlükəsizlik professoru Mesut Hakkı Caşın deyi: "Əslində, bu, Türkiyənin öz informasiya inqilabının 50-ci ildönümüdür".

Bu mərhələni qeyd etmək üçün ASELSAN tərəfindən yayımlanan qısametrajlı film şirkətin qurulmasının tarixçəsini izah edir.

Filmdə Kıbrısda (Kipr) əsgərlərdən biri Türkiyənin tam texnoloji muxtariyyətə nail olacağı bir gələcəyi xəyal edir.

Hekayə əsgərin döyüş meydanındakı mübarizəsini ASELSAN şirkətinin tədricən texnoloji yüksəlişi ilə birləşdirir və xaricdən asılılıqdan daxili imkanlara doğru 50 illik yürüşü simvolizə edir.

Film Türkiyənin ilk milli radiosunun istehsalı, elektron müharibədəki inkişaflar və ölkənin çoxmərtəbəli hava hücumundan müdafiə arxitekturası olan "Polad Günbəz"in inkişafı kimi mərhələləri işıqlandırır.

Əsgərin cəbhə xəttində davamlı irəliləməsi ASALSAN şirkətinin kiçik bir radio istehsalçısından rabitə, radar, elektro-optika, kibertəhlükəsizlik və pilotsuz sistemlər sahəsində 700-dən çox qabaqcıl məhsulu olan müdafiə istehsalçısına çevrilməsini təmsil edir.

Millətin xidmətində

ASALSAN rəhbərliyi şirkətin ildönümünü sadəcə bir anım tədbiri kimi deyil, həm də "vətənlərini ən çox sevənlər, vəzifələrini ən yaxşı yerinə yetirənlərdir" inancına əsaslanaraq missiyasının bir daha təsdiqlənməsi kimi görür.

ASALSAN şirkətinin baş direktoru Əhməd Akyol "TRT World"ə bildirib ki, yarım əsrdir ki, qəhrəman silahlı qüvvələrimizi müdafiə elektronikasının demək olar ki, hər sahəsində inkişaf etdirdiyimiz qabaqcıl texnologiyalarla gücləndirmişik.

Akyol şirkətin 24 ölkədə fəaliyyət göstərdiyini qeyd edərək, bunun Türkiyənin təsir dairəsini genişləndirdiyini söyləyir.

Akyol bildirib ki, Türk mühəndislərinin yaradıcılığı ilə inkişaf etdirilən ASELSAN texnologiyaları ölkəmizin qlobal səhnədəki güclü və etibarlı mövqeyinə əhəmiyyətli dərəcədə töhfə verir.

Hazırda ASELSAN 13 mindən çox mühəndis və mütəxəssisi işlə təmin edən dünyanın 43-cü ən böyük müdafiə şirkətidir.

Keçən il 15 bölgədə 80 ölkəyə müxtəlif sistemlər sataraq 500 milyon ilə 800 milyon dollar arasında ixracat reallaşdırıb.

Ankarada bu yaxınlarda açılan Oğulbey Texnologiya Kampusu Türkiyə Cümhuriyyəti tarixində ən böyük müdafiə investisiyalarından biri kimi təsvir olunur.

Dönüş nöqtəsi

Professor Caşın izah edir ki, ASELSAN-ın yaradılması onilliklər boyu xarici sistemlərdən asılılıqdan sonra strateji bir dönüş nöqtəsi oldu.

“NATO-ya qoşulduqdan sonra əsas silahlarımız və rabitə sistemlərimiz birbaşa ABŞ-dan asılı vəziyyətə düşdü. 1974-cü ildə Kıbrıs Sülh Əməliyyatı zamanı Amerika radioları səssiz qaldıqda, Türkiyə Ordusu qəfildən rabitədən kəsildi. Bu zəiflik (rabitə kəsilməsi səbəbindən) Kocatepe döyüş gəmisini batırdı və qüvvələrimizi təhlükəyə atdı”, - deyə Caşın "TRT World"ə bildirib.

Bu axsaqlıqlar və sonrakı silah embarqoları 14 noyabr 1975-ci ildə Türkiyənin ilk milli radiosunu inkişaf etdirmək və kritik texnologiyalarda özünütəminatı bərpa etmək üçün ASELSAN şirkətinin yaradılmasına səbəb oldu.

Bir vaxtlar orduda rabitə zabiti kimi xidmət etmiş Caşın ASELSAN şirkətini kibermüharibələrin, pilotsuz sistemlərin və çoxsahəli hərbi doktrinaların yüksəlişini vurğulayaraq, “Türkiyəyə 21-ci əsr elektron müharibə mühitində informasiya üstünlüyünü təmin edən qurum” kimi təsvir edir.

Caşın deyir ki, Türkiyə hər cür casusluq, təxribat və dezinformasiya əməliyyatlarına müqavimət göstərə biləcək bir səviyyəyə çatıb. ASELSAN sayəsində kiberməkanda, havada, dəniz altında, kosmosda və döyüş meydanında özümüzü müdafiə edə bilərik.

ASELSAN-ın NATO ilə uyğun sistemlərinin əksəriyyətinin artıq müttəfiq ölkələrə ixrac edildiyini vurğulayan Caşın embarqo dövründə yaşanan vəziyyətin tərsinə çevrildiyini qeyd edir.

Caşın deyir ki, Türkiyə artıq dünya miqyasında rabitə sistemləri, elektron maneə cihazları, kriptoqrafik texnologiyalar və kibermüharibə imkanları satır”

ASELSAN tərəfindən istehsal edilən sistemlər Türkiyədə və xaricdə terrora qarşı əməliyyatlarda istifadə olunur.

ASELSAN-ın texnologiyaları "Altay" döyüş tankı, KAAN milli döyüş təyyarəsi, "Hürjet", "Atak" və "Gökbey" helikopterləri və "Akıncı" pilotsuz uçuş aparatı kimi platformaları dəstəkləyir.

Professor Caşın bildirib ki, bu sistemlər artıq pilotlar, quru qüvvələri, dəniz gəmiləri, peyklər və milli hava müdafiə şəbəkələri arasında şifrələnmiş rabitəni təmin edən inteqrasiya olunmuş rəqəmsal arxitektura daxilində fəaliyyət göstərir.

Caşının sözlərinə görə, ilk dəfə olaraq bütün döyüş meydanının görüntüsü eyni vaxtda Prezident və Baş Qərargah rəisinin masalarına proyeksiya edilə bilir.

Caşın ASELSAN şirkətini alqoritmik hədəf seçmə, elektron hücum və hətta gələcəkdə peyk əleyhinə əməliyyatlar apara bilən “informasiya müharibəsində türklərin parlayan qılıncı” kimi təsvir edir.

Caşın yekun olaraq belə deyir: “ASELSAN Türkiyənin rəqəmsal inqilabında aparıcı şirkətə çevrilib. Sualtı qayıqlarımızdan və qırıcı təyyarələrimizdən tutmuş kəşfiyyat peyklərimizə və gələcək muxtar silah sistemlərimizə qədər hər sahədə parlayır. Sanksiyalar qapıları bağladıqda, Türkiyə öz qapılarını açdı. Bu, ASELSAN-ın hekayəsidir”.