Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İslam ölkələri arasında daha sıx iqtisadi əməkdaşlığın qurulması barədə çağırış edib. O, qlobal ticarətdəki payı artırmaq üçün daha güclü istehsal tərəfdaşlığına, investisiya əməkdaşlığına, logistika və inteqrasiyaya ehtiyac olduğunu vurğulayıb.
C.Yılmaz Ankarada İslam Ticarət və İnkişaf Palatasının iclası çərçivəsində təşkil olunan rəsmi ziyafətdə çıxış edib. Vitse-prezident deyib: “İslam ölkələrinin dünya iqtisadiyyatı və ticarəti üzrə payını artırmalıyıq. Bu isə fərdi qaydada göstərəcəyimiz səylərdən başqa, həm də birlikdə görəcəyimiz işlər sayəsində reallaşacaq.”
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) ev sahibliyində təşkil olunan tədbirdə 20 İslam ölkəsindən olan palata nümayəndələrini bir araya gətirib.
C.Yılmaz qlobal iqtisadiyyatın bir sıra çətinliklərlə qarşı-qarşıya olduğunu bildirib. O, bu çətinliklər sırasına geosiyasi gərginlikləri, tədarük zəncirindəki dəyişiklikləri, maliyyələşmə məhdudiyyətlərini, rəqəmsallaşmanı və yaşıl transformasiyanı daxil edib.
Vitse-prezident qeyd edib ki, 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dünya əhalisinin təxminən beşdə birini təşkil edir. Lakin buna baxmayaraq, təşkilat qlobal mal ticarətinin yalnız 10-11 faizini qarşılayır. C.Yılmaz bu vəziyyətin mühüm bir potensialın hələ də reallaşdırılmadığına işarə etdiyini bildirib.
“Bu mənzərənin dəyişməsi fərdi qaydada göstərəcəyimiz səylərdən başqa, həm də birlikdə görəcəyimiz işlər sayəsində reallaşacaq. Bu çərçivədə daha çox istehsal tərəfdaşlığına, investisiyalarda daha geniş əməkdaşlığın qurulmasına, logistikaya, qarşılıqlı əlaqəyə və inteqrasiyaya ehtiyacımız var”, — deyə o vurğulayıb.
Türkiyənin İƏT ölkələri ilə ticarət dövriyyəsi 118 milyar dollara çatıb
C.Yılmaz Türkiyənin İƏT çərçivəsində iqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsində aparıcı rol oynadığını bildirib.
Türkiyə iqtisadiyyatının gəlirinin 2002-ci ildəki 238 milyar dollardan 2025-ci ildə 1,6 trilyon dolların üzərinə çıxdığını söyləyən C.Yılmaz digər göstəriciləri də diqqətə çatdırıb. O, Türkiyənin mal və xidmət ixracının ötən il 396 milyar dollara çatdığını qeyd edib. Vitse-prezident bu il həmin göstəricinin 400 milyar dolları ötəcəyinin gözlənildiyini də əlavə edib.
Vitse-prezident Türkiyənin İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsinin ötən il 118 milyar dollara çatdığını bildirib. İƏT-ə üzv dövlətlər isə 2003-cü ildən bəri Türkiyəyə 27,3 milyar dollar məbləğində investisiya qoyublar.
Eyni dövrdə Türkiyənin İƏT ölkələrinə etdiyi birbaşa investisiyaların ümumi həcminin 15,2 milyar dollar olduğunu qeyd edən C.Yılmaz tərəflər arası əlaqələrin gələcəyinə toxunub. O bildirib ki, ticari münasibətləri daha möhkəm əlaqələrə əsaslandıraraq qarşılıqlı investisiyaların həcmi artırılmalıdır.
Vitse-prezident həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi İƏT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) fəaliyyətinə də toxunub. C.Yılmaz komitənin 40 ildən artıqdır ki, İslam ölkələri arasındakı iqtisadi və ticari əməkdaşlığı dəstəklədiyini ifadə edib.
“İSEDAK çərçivəsində 155 texniki işçi qrupunun iclası keçirilib. Həmçinin 119 tədqiqat hesabatı hazırlanıb və 209 layihəyə dəstək verilib”, — deyə C.Yılmaz bildirib. O, İSEDAK Qüds Proqramı çərçivəsində Fələstində 38 layihənin icra olunduğunu diqqətə çatdırıb. Vitse-prezident İSEDAK Suriya proqramının isə bu il tətbiq olunmağa başlayacağını sözlərinə əlavə edib.
İƏT daxili ticarət hədəfinə hələ də nail olunmayıb
C.Yılmaz İslam ölkələrinin İƏT daxili ticarəti 25 faizə çatdırmaq hədəfinə hələ ki, nail ola bilmədiklərini söyləyib.
Vitse-prezident deyib: “Əslində, bu 25 faiz belə aşağı göstəricidir. Biz daha böyük hədəflər müəyyənləşdirməliyik. Bu sahədə hədəflərimizə çatmaq üçün ikitərəfli əlaqələrimizlə yanaşı, əlimizdəki ən mühüm mexanizm İSEDAK-ın qabaqcıl layihələrindən biri olan Güzəştli Ticarət Sistemidir.”
C.Yılmaz həmçinin ticarət və investisiya mübahisələrinin ədalətli və müstəqil şəkildə həll edilməsi məsələsinə toxunub. O, bunun üçün İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Cevdet Yılmaz dünyanın aşağı xərcli istehsal modelindən dayanıqlı iqtisadi strukturlara doğru irəlilədiyini bildirib. O, bu amilin qonşu və dost ölkələrlə olan əlaqələri daha da əhəmiyyətli etdiyini vurğulayıb: “Bu mühüm transformasiya prosesində əməkdaşlığımızı artırmalı və mövcud şəraiti öz xeyrimizə dəyişməliyik.”
C.Yılmaz Türkiyənin xüsusilə əməkdaşlıq və İslam maliyyə alətləri vasitəsilə investisiya mühitini yaxşılaşdırmaq üçün çalışdığını bildirib. O, eyni zamanda İstanbul Maliyyə Mərkəzini gücləndirmək istiqamətində fəaliyyətin davam etdiyini qeyd edib.
TOBB ilə Səudiyyə Ərəbistanı Palatalar Federasiyası arasında imzalanan anlaşma memorandumunu məmnunluqla qarşılayan C.Yılmaz Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında müsbət iqtisadi və siyasi münasibətlərin olduğunu ifadə edib.






















