Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İstanbul Valiliyinin himayəsi və Sıfır Tullantı Fondunun koordinasiyası ilə Atatürk Hava Limanında təşkil edilən "Sıfır Tullantı Forumu 2026"nın açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Ə.Ərdoğan İstanbulun bəşəriyyətin ortaq yaddaşını daşıyan, sivilizasiyaların qovuşduğu və dünyanın ən uzunömürlü paytaxtı olduğunu vurğulayıb. O, bu gün keçirilən forumda 183 ölkədən nümayəndəni, 500-dən çox qurum və təşkilatı, eləcə də 5 mindən artıq iştirakçını qonaq etdiklərini bildirib.
İstanbulun növbəti dəfə mədəniyyətləri bir araya gətirdiyini ifadə edən Əminə Ərdoğan deyib: "Məhz bu səbəbdən biz bu forumu bəşəriyyətin ortaq bir məqsəd ətrafında birləşdiyi tarixi bir görüş kimi qiymətləndiririk. Hesab edirəm ki, bu beynəlxalq tədbir cənab Prezidentimizin “Dünya beşdən böyükdür, çünki bəşəriyyət beşdən böyükdür” mesajının konkret bir təzahürüdür."
Forumda iştirak edən hər kəsə minnətdarlığını bildirən Ə.Ərdoğan sözlərinə belə davam edib: "Arzu edirəm ki, keçirilən bu tədbir gələcəyimiz üçün tamamilə yeni başlanğıclara vəsilə olar. Bu mənalı görüş münasibətilə Sıfır Tullantı Fondumuza forumun təşkilində göstərdikləri böyük fədakarlığa görə təşəkkür edirəm. Onlar dünyanın ən genişmiqyaslı beynəlxalq ekoloji görüşlərindən birinə ev sahibliyi edirlər. Fondumuzun hər bir üzvünü təbrik edir, onları ürəkdən alqışlayıram. Dəstək verən nazirliklərimizə və İstanbul Valiliyimizə də xüsusi minnətdarlığımı bildirirəm."
Əminə Ərdoğan Sakit okeanın şimalında tonlarla zibil və plastikdən ibarət, sahəsi 1,6 milyon kvadratmetr olan tullantı yığınının mövcudluğunu qeyd edib. O, bu mənzərənin bəşəriyyətin içinə düşdüyü ekolojik çətinliyin bir abidəsi olduğunu diqqətə çatdırıb.
Türkiyənin ərazisindən demək olar ki, iki dəfə böyük olan bu tullantı yığınının, iqlim, israf və istehlak böhranından xəbər verdiyini vurğulayan Ə.Ərdoğan belə deyib: "Hər gün 2 min zibil maşınına bərabər plastik tullantının okeanlara qarışması sadəcə tullantıların idarə olunması ilə bağlı bir məsələ deyil. Eynilə mikroplastiklərin Antarktidadan tutmuş Everestin zirvəsinə qədər dünyamızın ən ucqar nöqtələrinə belə çatmasının adi bir ətraf mühit çirklənməsi olmadığı kimi."
Türkiyənin birinci xanımı Ə.Ərdoğan həmçinin bildirib ki, "Antalyaya gedən yol: İqlim fəaliyyəti olaraq sıfır tullantı" mövzusunda təşkil olunan forum COP31 İqlim Sammitinə aparan prosesdə mühüm bir mərhələdir.
"Bu gün iqlim dəyişikliyi sərhəd tanımayan və ortaq həll yolları tələb edən bir problem olaraq qarşımızda durur. Biz də bu forum vasitəsilə iqlimlə mübarizədə sıfır tullantı hərəkatının tullantıların idarə edilməsi yanaşmasından daha çox, təsirli bir iqlim fəaliyyəti olduğunu vurğulayırıq. İnanırıq ki, sıfır tullantı resursların qorunmasından tutmuş davamlı inkişafa qədər bir çox sahədə müsbət təsir yaradacaq. Burada əldə olunacaq nəticənin ortaq gələcəyimiz üçün tamamilə yeni başlanğıclara vəsilə olmasını təmənni edirəm."
Ə.Ərdoğan sonda İstanbul Valiliyi, Sıfır Tullantı Fondu və aidiyyəti nazirliklər başda olmaqla, forumun təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.



















