Ukrayna ordusunun iyunun 28-də yaydığı bəyanatda paytaxt Kiyevə qarşı ballistik raket hücumlarının davam etdiyi bildirilib. Kiyev meri Vitali Kliçko rəsmi ‘‘Telegram’’ kanalında hava hücumundan müdafiə qüvvələrinin hazır vəziyyətdə olduğunu bildirib və hamını sığınacaqlarda qalmağa çağırıb. AFP xəbər agentliyinin müxbirləri şəhərdə güclü partlayış səsləri eşitdiklərini ifadə ediblər.
Bu hücumdan bir gün əvvəl Rusiyanın Dnepropetrovsk və Sumı vilayətlərinə təşkil etdiyi hava hücumları nəticəsində iki mülki şəxs həyatını itirib. Hücumlar Ukrayna ordusunun Rusiyanın cənub-qərbindəki Volqoqrad və Belqorod şəhərlərinə, həmçinin rəsmi Moskvanın nəzarətində olan Donetsk bölgəsindəki Qorlivka qəsəbəsinə endirdiyi zərbələrdən sonra həyata keçirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukraynanın həyata keçirdiyi hücumlar zamanı üç nəfər həlak olub.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralından bəri Ukrayna ərazilərini demək olar ki, hər gün intensiv atəşə tutur.
Rusiyanın bu zərbələrinə cavab olaraq Ukrayna tərəfi də son aylarda qarşı tərəfin daxili regionlarına və işğal olunmuş ərazilərə hücumlarını intensivləşdirib. Krasnodar vilayətinin meri Veniamin Kondratyev Ukrayna ordusunun bölgəyə PUA zərbələri endirdiyini bildirib. Veniamin Kondratyev qeyd edib ki, PUA hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb və bölgədəki neft emalı zavodunda yanğın baş verib.



















