İndoneziyanın XİN rəhbəri Körfəz ölkələri ilə regional böhranı müzakirə edib
İİndoneziyanın xarici işlər naziri Sugiono Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə telefon danışığı aparıb
İndoneziyanın xarici işlər naziri Sugiono Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə telefon danışığı aparıb. O, regionda artan gərginlik fonunda dövlətlərin suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Martın 4-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanla telefon danışığı aparan Sugiono İsrailin İrana hərbi müdaxiləsi ilə bağlı ölkəsinin dərin narahatlığını ifadə edib. O, rəsmi "X" internet səhifəsində etdiyi paylaşımda beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyünün qorunmasının prinsipial əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir İndoneziyanın regionda gərginliyi azaltmaq cəhdlərini dəstəklədiyini bildirib. O, həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.
BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə keçirilən digər görüşdə isə Yaxın Şərqdəki mövcud vəziyyət və regionun təhlükəsizliyinə yönəlmiş təhdidlər müzakirə olunub. Sugiono baş vermiş hadisələr zamanı həlak olanlarla bağlı həmkarına başsağlığı verib. O, İndoneziyanın beynəlxalq hüquq qaydalarına sadiqliyini bir daha diqqətə çatdırıb.
ABŞ və İsrail hərbi qüvvələrinin 28 fevral tarixində İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra Yaxın Şərqdə gərginlik yüksək həddə çatıb. İran rəsmilərinin verdiyi məlumata görə, sözügedən hücumlar nəticəsində aralarında ali dini lider Əli Xamenei və 165-dən çox məktəbli də olmaqla, ümumilikdə 900-dən çox insan həyatını itirib.
İran tərəfi bu hücumlara cavab olaraq ABŞ-nin Körfəz bölgəsindəki hərbi obyektlərini hədəf alıb. Baş vermiş qarşıdurmada 6 ABŞ əsgərinin həlak olduğu, çox sayda hərbçinin isə yaralandığı bildirilir.
İndoneziyanın xarici işlər naziri Sugiono məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurası çərçivəsindəki müzakirələrin bölgədəki münaqişə səbəbindən dayandırıldığını bəyan edib. Yerli "Kompas" agentliyinin məlumatına görə, nazir hazırda Şura və üzv dövlətlər arasında heç bir aktiv müzakirənin aparılmadığını vurğulayıb.
Sugiono İndoneziyanın Sülh Komitəsindəki fəaliyyətini davam etdirəcəyini təsdiqləyərək deyib: "Biz hücuma məruz qalan Körfəz ölkələri ilə məsləhətləşmələri davam etdiririk, çünki onlar da Sülh Şurasının üzvləridir".
Qeyd edək ki, İndoneziya daha əvvəl təklif olunan çoxmillətli sülhməramlı qüvvələrin tərkibində Qəzzaya 8000 əsgər göndərəcəyini açıqlamışdı.