BMT Baş Assambleyası İsraildən Qolan təpələrindən geri çəkilməsini tələb edib
BMT Baş Assambleyası İsrailin Qolan təpələrini işğal etməsini və ilhaqını “qanunsuz” elan edən qətnamə qəbul edib
BMT Baş Assambleyası İsrailin Qolan təpələrini işğal etməsini və ilhaqını “qanunsuz” elan edən qətnamə qəbul edib.
Misir tərəfindən təqdim olunan qətnamə layihəsinin lehinə 123, əleyhinə 2 ölkə səs verib, 41 ölkə isə bitərəf qalıb.
Qətnamədə İsrailin 1981-ci il 14 dekabr tarixli qərarı ilə işğal olunmuş Qolan təpələrinə tətbiq etdiyi qanunlar, yurisdiksiya və administrasiya “qüvvədən düşmüş” elan edilib.
Sənəddə bir daha vurğulanır ki, İsrail Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq işğal olunmuş Qolan təpələrindən 1967-ci il iyunun 4-də müəyyən olunan xəttə qədər geri çəkilməlidir.
Suriyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi İbrahim Ələli işğal olunmuş Qolan təpələrinin Suriya ərazisi olduğunu vurğulayaraq ölkəsinin ərazini İsraildən geri almaq hüququ olduğunu bildirib. Ələli vurğulayıb ki, Suriya dinc və diplomatik kanallara üstünlük verir və danışıqlarda işğal olunmuş Qolan təpələrinin taleyi heç bir şəkildə müzakirə edilməyib.
Suriya nümayəndəsi həmçinin deyib:“İşğal olunmuş Qolan təpələri Suriya ərazisidir və ölkəmizin onu geri almaq hüququ var”.
İsrail 1967-ci ildən bəri Qolan təpələrini işğal edib və Bəşər Əsəd rejiminin devrilməsindən sonra bufer zonasını və Suriyanın cənubundakı Hermon dağını da nəzarətinə alıb. Daha sonra İsrail iki tərəf arasında 1967-ci ildə imzalanmış müqavilənin ləğv olunduğunu elan edib.