H.Fidan TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə İranda vətəndaş müharibəsi yaratmağa yönəlmiş cəhdlərə qarşıdır

By
H.Fidan TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak edib / Reuters

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak edib. Toplantıdan sonra çıxış edən nazir H.Fidan Türkiyənin Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında davam edən müharibənin sona çatdırılmasına kömək etmək məqsədilə diplomatik təmaslarını davam etdirdiyini bildirib.

H.Fidan deyib: “Cənab Məsud Pezeşkianın; bizə hücum edilmədikcə hücum etməyəcəyik, hücum etdiyimiz üçün üzr istəyirik şəklindəki açıqlaması bizim də vurğuladığımız bir mövqedir. Bununla da üçüncü ölkələri hədəf alan hücumları qətiyyətlə pislədiyimizi bir daha vurğulamaq istəyirəm.”

Bundan əlavə, nazir H.Fidan Türkiyə ilə bağlı təhlükəsizlik narahatlıqlarına da toxunaraq Tehran rəhbərliyinə Türkiyə ərazisinə doğru hər hansı atəş açılması cəhdindən çəkinmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu açıqlama NATO-nun bir neçə gün əvvəl İrandan buraxılan və Türkiyəyə yönələn ballistik raketi zərərsizləşdirməsindən sonra verilib.

Xarici işlər naziri H.Fidan İstanbulda jurnalistlərə açıqlamasında deyib: “Biz asanlıqla təxribata uyan ölkə deyilik. İrandakı dostlarımızla danışdıq və dedik ki, əgər bu istiqamətini itirmiş bir raketdirsə, bu başqa məsələdir. Lakin belə hallar davam edərsə, tövsiyəmiz budur ki, diqqətli olasınız. İranda heç kimin belə bir macəraya girişməsinə imkan verməyin.”

H.Fidan həmçinin hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə İranda vətəndaş müharibəsi yaratmaq cəhdlərinə qarşı xəbərdarlıq edib və belə bir addımın tarixi səhv olacağını bildirib.

“İranda etnik və ya məzhəbi parçalanma xətlərini hədəf alaraq vətəndaş müharibəsi yaratmağı nəzərdə tutan bütün ssenarilərə qarşıyıq. Bu, ən təhlükəli ssenaridir”, - deyə nazir H.Fidan qeyd edib.