SİYASƏT
2 dəqiqə oxuma
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
Tərəflərin məqbul olmayan tələbləri səbəbindən danışıqlar prosesinin uğursuz yekunlaşdığı bildirilir
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı / Reuters
12 saat əvvəl

İranın dövlət yayım qurumu IRIB bildirib ki, İran nümayəndə heyətinin müxtəlif təşəbbüslərinə baxmayaraq, ABŞ-nin “qəbul olunmaz tələbləri” Yaxın Şərqdə müharibəni dayandırmağa yönəlmiş İslamabad danışıqlarında irəliləyiş əldə olunmasına mane olub.

IRIB “Telegram” platforması üzərindən yaydığı açıqlamada deyib: “İran nümayəndə heyəti İran xalqının milli maraqlarını qorumaq məqsədilə 21 saat ərzində fasiləsiz və intensiv danışıqlar aparıb. İran tərəfinin müxtəlif təşəbbüslərinə baxmayaraq, Amerika tərəfinin məqbul olmayan tələbləri danışıqlarda irəliləyişə mane olub.”

İranın “Fars” xəbər agentliyi mənbələrə istinadən yaydığı məlumatda ABŞ-nin danışıqlar masasından qalxmaq üçün bəhanə axtardığı iddia olunub. “Press TV” də ABŞ-nin həddindən artıq tələblərinin çərçivə razılaşması əldə olunmasına imkan vermədiyini və bu səbəbdən danışıqların dayandırıldığını bildirib.

Məsələylə bağlı açıqlama verən ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İslamabadda keçirilən uzunmüddətli danışıqlarda İran ilə ABŞ-nin Yaxın Şərqdə müharibəni dayandırmaq üzrə razılığa gələ bilməyiblər. O, həmçinin Tehran hakimiyyətinə yekun və ən yaxşı təklifin təqdim olunmasından sonra danışıqları tərk etdiyini deyib.

CD.Vens qeyd edib ki, rəsmi Vaşinqton İranın nüvə silahı hazırlamayacağına dair “qəti öhdəlik” tələb edir.

Xatırladaq ki, CD.Vens aprelin 8-də İrana qarşı hücumlara iki həftəlik fasilə veriləcəyini açıqlamasından sonra ABŞ-nin təklifini dəyərləndirməsi üçün Tehran hakimiyyətinə vaxt verdiyini qeyd etmişdi.

Xəbər verildiyi kimi, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hücum həyata keçirib. Bundan sonra Tehran rəhbərliyinin cavab zərbələri Yaxın Şərqdə gərginliyi artıraraq bölgəni münaqişəyə, qlobal iqtisadiyyatı isə sarsıntıya sürükləyib.

Bildirilir ki, İran ilə ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda maksimal tələblərlə iştirak ediblər. Dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazı ilə bağlı İran mediasının ABŞ-ni “həddindən artıq tələblər” irəli sürməkdə ittiham etməsi danışıqlarda gərginliyin göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, tərəflər arasında baş tutan bu görüş 1979-cu il İslam İnqilabından bəri keçirilən ən yüksək səviyyəli danışıqlar prosesi olub. CD.Vensin İranla danışıqların razılaşma ilə nəticələnmədiyini açıqlamasından qısa müddət sonra aprelin 12-də (bu gün) Pakistanı tərk etdiyi bildirilir.

MƏNBƏ:TRT