DÜNYA
2 dəqiqə oxuma
Nepalda baş verən daşqın fəlakətində itkin düşmüş 5.200-dən çox insan hələ də tapılmayıb
Nepal hökuməti avqust ayında baş verən və təxminən 1.455 nəfərin ölümünə səbəb olan daşqın fəlakətindən sonra davam edən axtarış-xilasetmə əməliyyatlarını yekunlaşdırdığını bəyan edib
Nepalda baş verən daşqın fəlakətində itkin düşmüş 5.200-dən çox insan hələ də tapılmayıb
Nepal

Nepalın Çinin Tibet Muxtar Rayonu ilə sərhədində avqustun 26-da başlayan və ölkə tarixinin ən dağıdıcı təbii fəlakətlərindən biri kimi qeydə alınan daşqınlardan sonra aparılan axtarış-xilasetmə tədbirləri rəsmi olaraq başa çatıb.

Oktyabrın 5-də dövlət rəsmiləri tərəfindən verilən açıqlamaya görə, fəlakətdə bugünkü günədək ən azı 1.455 nəfərin həlak olduğu dəqiqləşib. 5.285 nəfərin isə taleyi hələ də məlum deyil. Həftələrlə davam edən çətin əməliyyatlar nəticəsində ümumilikdə 13.795 nəfər sağ xilas edilib.

Nepalın Milli Fövqəladə Hallar Əməliyyat Mərkəzinin rəhbəri Fanindra Paudel beynəlxalq xəbər agentliklərinə açıqlamasında artıq axtarış-xilasetmə mərhələsini başa vurduqlarını bildirib. O, bundan sonra bərpa və reabilitasiya mərhələsinə keçdiklərini vurğulayıb.

İtkin düşənlərin yaxınlarının sığorta, bank və digər inzibati əməliyyatları tamamlaya bilmələri üçün hüquqi prosesə başlanacağını bildirən F.Paudel itkin düşmüş şəxslərin rəsmi şəkildə ölmüş elan edilməsi üzərində işlədiklərini və lazımi hüquqi prosedurların işə salındığını diqqətə çatdırıb.

Nepalın Milli Fəlakət Riskini Azaltma və İdarəetmə Qurumunun rəhbəri Daram Rac Upreti isə aidiyyəti qurumların artıq aktiv şəkildə ölən şəxsləri axtarmayacağını bəyan edib. Lakin o, yenidənqurma və bərpa prosesində rast gəlinə biləcək hər cür insan qalıqlarının, şəxsi əşyaların və ya dəyərli əşyaların qorunacağını bildirib. D.R.Upreti təcili ehtiyac yarandığı və ya məlumat daxil olduğu təqdirdə xilasetmə tədbirlərinin yenidən həyata keçirilə biləcəyini də vurğulayıb.

Böyük dağıntılara səbəb olan daşqın suları Nepalın infrastrukturuna da ağır zərbə vurub. Fəlakət nəticəsində 12 su-elektrik stansiyası layihəsi ilə yanaşı, çoxlu sayda yol, körpü, kənd təsərrüfatı sahəsi və yaşayış məntəqəsi tamamilə yararsız hala düşüb.

Təbii fəlakət səbəbindən ev-eşiyindən didərgin düşmüş minlərlə insanın normal həyata qayıtması və zərər görmüş infrastrukturun sürətlə bərpası üçün hərtərəfli proqram hazırlayan ölkə rəsmiləri, bütün bu işlərin tamamlanması üçün təxminən 5 milyard dollar büdcəyə ehtiyac olduğunu bildirirlər.

MƏNBƏ:TRT