Hendrik Vüstün (Hendrik Wüst) Ankaradakı diplomasiyası Almaniyanın mərkəz-sağ xətti üçün daha qalıcı bir modelə işarə edir; bu modeldə iqtisadi sabitlik və diasporaya duyulan hörmət bir-birini gücləndirir.
"Aİ-Türkiyə Gömrük İttifaqında islahatlara ehtiyacımız var", -deyən Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüst ikitərəfli əlaqələri bərpa etməyə yönəlmiş təşəbbüsə başlayıb.
28 sentyabr 2026-cı ildə Ankarada çıxış edən Xristian Demokrat İttifaqı Partiyasının (CDU) lideri ikitərəfli münasibətlərdə yeni səhifə açmağı hədəfləyən diplomatik təmaslara start verib.
1961-ci il tarixli işçi qüvvəsinin cəlb edilməsi haqqında sazişin 65-ci ildönümündə Vüst müharibədən sonrakı sənayeni quran türk işçilərin töhfələrini yüksək qiymətləndirib.
Ankara və İstanbulda görüşlər keçirən Vüstün görüşlərində ixrac müqavilələri, enerji təhlükəsizliyi və şirkətlərin mobilliyi ön plana çıxıb.
Düsseldorf Almaniya sənayesinin yenidən canlanmasının ideoloji fərqliliklərə baxmayaraq Türkiyə ilə dərin tərəfdaşlıq qurulmasını tələb etdiyini qəbul edib.
500 min Türkiyə vətəndaşına ev sahibliyi edən Şimali Reyn-Vestfaliya Almaniyadakı türk diasporasının üçdə birinə ev sahibliyi edir və iki ölkə arasındakı ticarətin 20 faizini həyata keçirir.
CDU-dan olan Xarici İşlər üzrə Dövlət Naziri Serap Gülərin müşayiət etdiyi Vüst təmiz enerji sazişləri və viza proseslərinin asanlaşdırılması üçün təşəbbüslər irəli sürüb. Vüst bu addımları ilə Almaniya mühafizəkar siyasətində alternativ bir baxış ortaya qoyub. Almaniya Kansleri və CDU lideri Fridrix Merts (Friedrich Merz) miqrant əleyhinə ritorikaya və sərhədlərin hərbiləşdirilməsinə sadiq qaldığı halda, Vüstün Ankara diplomasiyası mühafizəkar dövlət idarəçiliyinin ticari praqmatizmə, diasporaya hörmətə və Türkiyə ilə strateji tərəfdaşlığa əsaslandığını göstərib.
İfrat sağın ritorikasını təqlid etmək Berlində nə üçün uğursuz oldu?
Berlində Fridrix Merts ifrat sağın söhbətlərini mənimsədikdən sonra getdikcə artan siyasi təcridlə üz-üzədir.
12 sentyabrda dərc olunan INSA sorğusuna əsasən, seçicilərin yalnız 14 faizi Mertsi doğru lider kimi görür; CDU/CSU-nun ölkə üzrə dəstəyi isə 19 faizə geriləyib. Bu tənəzzül yerli seçkilərdə alınan məğlubiyyətlərdən sonra baş verib.
20 sentyabrda CDU-nun Meklenburq-Vorpommern əyalətindəki səs faizi 4,9%-ə düşüb. Mühafizəkarlar əyalət paytaxtı Şverindəki bütün yerlərini itiriblər.
İfrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası Şverində 38,2% səslə birinci olub. Sosial Demokrat Partiyası (SPD) isə 35,5% səs toplayıb.
CDU-nun əyalət sədri Daniel Peters Berlindən heç bir dəstək ala bilmədikdən sonra 21 sentyabrda istefa verib və partiyanı əyalət parlamentindən kənarda qoyub.
Bu regional məğlubiyyət ifrat sağçı ritorikanı təqlid etməyin tamamilə uğursuz olduğunu ortaya qoydu. Sert miqrant əleyhinə siyasət istəyən seçicilər təqlidçi mühafizəkarlar əvəzinə radikal mövqeyin əsl təmsilçisini üstün tutdular.
Radikal tərəfdarları Kansler məqamının zəifliyindən yararlandılar. AfD Mertsin partiyanın "yenidən miqrasiya" (remigration) gündəliyini "etnik təmizləmə" kimi xarakterizə etməsindən sonra Federal Məclisdə Merts haqqında cinayət işi qaldırılması üçün müraciət edib.
Şengen zonasında daimi sərhəd nəzarəti Avropa miqyasında gərginlik yaratsa da, mühafizəkarların verdiyi güzəştlər populist dinamikanı dayandırmaq əvəzinə ifrat sağın iddialarını təsdiqlədi.
Mühafizəkar dövlət idarəçiliyi günahkarlar deyil, tərəfdaşlar tələb edir
Almaniyadakı 3,5 milyonluq türk diasporası baxımından miqrantları hədəf alan siyasi ritorika azlıq təşkil edən icmaları disskriminasiya qarşısında müdafiəsiz qoyur.
Düsseldorf 30 sentyabrda İstanbulda türk tərəfdaşlarla təmiz enerji koridorunun yaradılmasını təmin edib.
Almaniya enerji nəhəngi "Uniper Global Energy SE" ilə "Biotrend Enerji" biometan ixracını inkişaf etdirmək üçün saziş imzalayıb. Saziş çərçivəsində tullantıdan enerji istehsalı müəssisələrinin gücü artırılaraq ildə 1,4 teravat-saat təmiz qaz təminatı hədəflənir. Bu yolla Ruhr bölgəsindəki ağır sənayenin itirdiyi Rusiya qazının yerini dolduracaq mənbəyin yaradılması nəzərdə tutulur.
Almaniya ilə Türkiyə arasındakı iqtisadi əlaqələr əvəzedilməz olaraq qalır. İkitərəfli ticarətin illik həcmi 50 milyard avronu keçdiyi halda, Şimali Reyn-Vestfaliya bu həcmin 20 faizini təşkil edir.
Əyalət həmçinin türk kapitalına məxsus 1 300-dən çox müəssisəyə ev sahibliyi edir. Bu vəziyyət alman istehsalçılarının təchizat zəncirindəki riskləri azaltmağa çalışdığı bir dövrdə Türkiyəni həyati əhəmiyyətli yaxın coğrafiyada istehsal və təchizat tərəfdaşı mövqeyinə gətirir.
Bu ərəfədə konsulluqlardakı viza gecikmələri türk biznes dairələrinin nümayəndələrini uzun müddətdir problemlə üzləşdirir. Şengen vizası müraciətlərindəki sıxlıq bir çox şirkət rəhbərinin Almaniyadakı sənaye sərgilərində iştirakına mane olub. Beləliklə, konsulluqlardakı gecikmələr Avropa sənayesinin özünə vurduğu iqtisadi zərərə çevrilib.
Ticarətin qarşısındakı maneələri aradan qaldırmaq məqsədilə Vüst və Serap Gülər 30 sentyabrda İstanbulda İş Dünyası Sürətləndirilmiş Viza Mexanizmini elan ediblər.
2025-ci ilin avqustunda 400 şirkətə xidmət göstərən pilot layihənin əhatə dairəsini genişləndirən proqram Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvlərinin viza prosedurlarını sürətləndirir.
Tərəflər həmçinin səkkiz kommersiya sazişinə imza atıblar.
Vüst kommersiya sazişlərindən əlavə, qalıcı tərəfdaşlığın 65 illik ortaq tarixə hörmət edilməsini tələb etdiyini də ifadə edərək, 29 sentyabrda İstanbul Tarabyada Almaniya Milli Futbol Komandasının keçmiş kapitanı İlkay Gündoğana Mevlüde Genç Medalını təqdim edib.
Türk-alman sülh aktivisti Mevlüde Gençin irsi Şimali Reyn-Vestfaliyada əhəmiyyətini qorumaqda davam edir. 1993-cü ildə əyalətin sənaye şəhərlərindən olan Solingendə neo-nasist odvuranların beş türk qadın və qız uşağını qətlə yetirməsindən sonra Gencin sülhə çağırışı sözügedən əyalət mükafatının təsis olunmasına ilham mənbəyi olub.
Bu mükafatın təqdim edilməsi Gündoğanın mədəniyyətlərarası anlaşmaya töhfəsini qiymətləndirərkən, alman mühafizəkarlığının ölkənin bir miqrasiya cəmiyyəti olduğu reallığını tarixi olaraq inkar etmə meylinin dəf olunmasına da səssizcə töhfə verib.
Diasporanın yaratdığı bu körpüdən hərəkətlə, bu gün modernləşdirilməkdə olan 1995-ci il tarixli Aİ-Türkiyə Gömrük İttifaqı daha geniş iqtisadi qazancların bünövrəsini təşkil edir.
Otuz illik saziş sənaye məhsullarını əhatə edir, lakin xidmətləri, dövlət satınalmalarını və yaşıl texnologiyaları kənarda saxlayır. Burada islahatların gecikdiyini vurğulayan Vüst Türkiyə iqtisadiyyatının Avropa dəyər zəncirinin əvəzedilməz hissəsi olduğunu da qeyd edib.
Konkret nəticələr verən praqmatik diplomatiya
Bununla belə, federal səviyyədəki tıxanmanı dəf etmək məqsədilə əyalətlərarası diplomatiyanın inkişaf etdirilməsi Almaniya daxilində sərt tənqidlərə səbəb olub.
Şimali Reyn-Vestfaliya SPD Baş Katibi Frederik Kordes (Frederick Cordes) Vüstü şəxsi kanslerlik iddiaları istiqamətində hərəkət edən, nəzarətsiz və kölgə bir xarici siyasət yürütməkdə təqsirləndirib.
Merts ilə eyni xəttdə olan federal CDU-nun sərt mövqeli simaları isə əyalət liderlərinin federal diplomatiyanın nüfuzunu zəiflətdiyini müdafiə ediblər. Lakin əyalət səviyyəsində həyata keçirilən ticarət diplomatiyası federal rəhbərliyin uğursuz olduğu sahələrdə alman sənayesinin mənafelərini birbaşa müdafiə edir.
Düsseldorf federal diplomatlarla əlaqəli şəkildə fəaliyyət göstərərək alman ixracatçıları üçün yeni ticarət imkanlarının yolunu açıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 28 sentyabrda Ankaradakı Prezident İqamətgahında Vüstü qəbul edib. Doxsan dəqiqə davam edən görüş Almaniyanın gələcək siyasi rəhbərliyinin Türkiyə ilə münasibətlərində izləyəcəyi xətti müəyyənləşdirməyə hesablanmış şüurlu diplomatik gediş idi.
Vüst İstanbulda müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları ilə də görüşərək balansı qoruyan diplomatik üçlüyü tamamlayıb. Bu diplomatik təşəbbüs Ankarada qərar qəbuletmə mexanizmlərinə çıxışı, plelistik cəmiyyətlə dialoqu və alman fabrikalari üçün konkret ticarət müqavilələrini bir araya gətirib.
Ticari praqmatizm və Türkiyə ilə strateji tərəfdaşlıq alman sənayesinin yenidən canlanması üçün etibarlı bünövrə təqdim edir.
Berlində sərhədlərin hərbiləşdirilməsi və miqrant əleyhinə ritorika mühafizəkarların siyasi nüfuzunu aşındırdığı bir vaxtda Vüst Ankarada fərqli bir yolun mümkün olduğunu nümayiş etdirdi.
Berlin Türkiyəni və türk diasporasını siyasi yük kimi görməyə davam etdikcə sənayedə risklərin azaldılması məqsədinə nail ola bilməz. İqtisadi suverenlik Türkiyənin və onun diasporasının əvəzedilməz strateji aktivlər olduğunun qəbul edilməsini tələb edir.


















