İranda keçirilən etirazlar zamanı 16 nəfərin öldüyü bildirilir

Kütləvi etirazlara səbəb olaraq ölkədə artan iqtisadi böhran və beynəlxalq təzyiqlər göstərilir

By
İranda keçirilən etirazlar zamanı 16 nəfərin öldüyü bildirilir / AP

İnsan hüquqları qrupları tərəfindən yanvarın 4-də verilən məlumata görə, İranda bir həftədir davam edən etirazlar zamanı təxminən 16 nəfərin həyatını itirdiyi bildirilir.

Ölkədə artan inflyasiya səbəbilə başlayan etirazlar bütün ölkə ərazisinə yayılaraq etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara yol açıb.

Ölümlər və saxlanılmalar həftə ərzində həm dövlət mediası, həm də insan hüquqları qrupları tərəfindən bildirilib.

Ölkədəki etirazların geniş şəkildə yayılma səbəbi zəif iqtisadi vəziyyət, eləcə də artan beynəlxalq təzyiqlərlə əlaqələndirilir.

ABŞ prezidenti Donald Tramp etirazçıların zorakılıqla üzləşəcəyi təqdirdə onlara dəstək vermək üçün hərəkətə keçə biləcəklərini bildirib. Amerika prezidenti bu barədə yanvarın 5-də (bu gün) verdiyi açıqlamada qeyd edib.

Bu xəbərdarlıqdan sonra İranın yüksək vəzifəli rəsmiləri ABŞ qüvvələrinə qarşı cavab tədbirləri ilə hədələyiblər. İranın ali dini lideri Əli Hamaney isə ölkəsinin “düşmənə boyun əyməyəcəyini” deyib.

Yanvarın 4-də İsrailin baş naziri Benyamin Netanyahu da İrandakı etirazçılara dəstək ifadə edib.

Bu barədə B.Netanyahu həftəlik Nazirlər Kabinetinin iclasında bildirib: “İran xalqının mübarizəsi, eləcə də azadlıq, hüquq və ədalət tələbləri ilə həmrəyik. İran xalqının taleyini öz əllərinə aldığı bir ana şahidlik etməyimiz son dərəcə mümkündür.”

 

Eirazların təşkilatçıları hədəf alınır

İnsan hüquqları fəalları şəbəkəsi HRANA təxminən 16 nəfərin öldüyünü və 582 nəfərin saxlanıldığını bildirib.

İranın polis rəisi Əhməd Rza Radan dövlət mediasına açıqlamasında təhlükəsizlik qüvvələrinin son iki gündə etirazların liderlərini həbs etmək üçün çalışdığını deyib.

Ən intensiv toqquşmaların ölkənin qərb bölgələrində qeydə alındığı, bununla yanaşı paytaxt Tehranda, mərkəzi rayonlarda və cənubdakı Belucistan əyalətində də etirazların və etirazçılarla polis arasında qarşıdurmaların baş verdiyi bildirilib.

Yanvarın 4-də gecə saatlarında İranın şiə dini qurumlarının mərkəzi olan Qum şəhərinin qubernatoru burada baş verən iğtişaşlar zamanı iki nəfərin öldüyünü bidirib. Hadisəni etirazçılardan birinin öz hazırladığı partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

HRANA və dövlətə bağlı “Tasnim” xəbər agentliyi etirazlara çağırış edən onlayn hesabların idarəçilərinin saxlanıldığını xəbər verib.

 

Milli valyuta dəyərini itirib

Etirazlar bir həftə əvvəl bazar tacirləri və kiçik sahibkarlar arasında başlayıb, daha sonra universitet tələbələrinə və bəzi vilayət şəhərlərinə yayılıb. Bu şəhərlərdə etirazçıların İranın dini rəhbərliyinə qarşı şüarlar səsləndirdiyi qeyd olunur.

İranda mart ayında başlayan yeni ildən bəri inflyasiya 36 faizdən yuxarıdır, milli valyuta riyal isə dollar qarşısında dəyərinin təxminən yarısını itirib ki, bu da bir çox insan üçün ciddi çətinliklər yaradıb.

Mütəxəssislər İranın iqtisadi problemlərinin həm baha başa gələn nüvə proqramı, həm də bu proqram səbəbilə tətbiq edilən beynəlxalq sanksiyalarla əlaqəli olduğunu bildirirlər.

Hökumət il ərzində ölkədə su və elektrik təminatında çətinliklərlə üzləşib, qlobal maliyyə qurumları isə 2026-cı ildə İran iqtisadiyyatında bərpa gözləmədiklərini açıqlayıblar.

Rəsmilər etirazlara qarşı ikili yanaşma tətbiq ediblər. Bu çərçivədə hökumət nümayəndələri iqtisadi böhranı etiraf edərək etirazçılarla dialoq təklif etsələr də, təhlükəsizlik qüvvələri daha sərt mövqe nümayiş etdirən müxalifəti zorakılıqla dağıdıblar.

Ə.Hamaney də yanvarın 4-də verdiyi açıqlamada, rəsmilərin etirazçılarla danışa biləcəyini bildirsə də, “asayişi pozanlar yerində oturdulmalıdır” deyib.