"Adidas" bu yaxınlarda ABŞ-dakı İsrailyönlü qrupların və İsrail hökumətinin təzyiqinə boyun əydi və fələstinli Bella Hadidi yeni idman ayaqqabısı kampaniyasından kənarlaşdırdı sonra da modelin şəkillərini reklamından çıxardı.
Hadid İsrailin Fələstini işğalının açıq əleyhdarıdır və dəfələrlə Qəzzada günahsız mülki insanların öldürülməsinə etirazını bildirib.
İsrailin davam edən müharibəsində indiyədək 39 mindən çox insanın həyatını itirdiyi bildirilir.
Nyu-Yorkdakı göydələnlərdə və idman ayaqqabısı nəhənginin sosial media hesablarında görünən reklamlarda Fələstin əsilli amerikalı model "Adidas"ın yeni bazara çıxardığı SL72 retro idman ayaqqabısını geyinərkən görüntülənmişdi.
Orijinal model "Adidas"ın 1972-ci il Münhen Olimpiadasında idmançılara yüngül atletik ayaqqabı seçimi təklif etmək üçün nəzərdə tutulmuş "SL" (Super Light) seriyasının bir hissəsi idi.
Qərbi Almaniyada keçirilən bu nəhəng idman tədbiri zamanı Fələstinin Qara Sentyabr təşkilatı İsrail komandasının qaldığı yerə basqın etmiş və polislə atışmada 11 israilli həlak olmuşdu. Qarşıdurmalarda beş fələstinli və bir alman polis də həyatını itirmişdi.
İsrailli tənqidçilər idman ayaqqabılarının tarixinə diqqət çəkərək, Hadidin kampaniyanın siması kimi seçilməsinin antisemit olduğunu və “ehtimal ki, qəsdən” olduğunu iddia etdilər. Bu əlaqə supermodelin Qəzzadakı dağıdıcı müharibəyə qarşı mövqeyi ilə əlaqələndirilirdi.
Daimi hədəf: Bella Hadid
Supermodel antisemitizm ittihamlarının hədəfinə ilk dəfədir çevrilmir.
2021-ci ildə Hadid "Instagram" canlı yayımı zamanı “Çaydan dənizə Fələstin azad olacaq” şüarını səsləndirəndə İsrailin o zamankı "X" (keçmiş Twitter) hesabı Hadidi “yəhudiləri dənizə atmağı təbliğ etməkdə” günahlandırmışdı.
İsrailin rəsmi hesabında deyilir: "Bella Hadid kimi məşhurlar yəhudiləri dənizə atmağı müdafiə edərkən, yəhudi dövlətinin məhv edilməsini istəyirlər".
Ayaqqabı reklamı ilə bağlı mübahisədən sonra eyni hesab Hadidi “antisemitizmi yaymaq və israillilər ilə yəhudilərə qarşı zorakılığı təbliğ etmək tarixinə malik yarı fələstinli modeli” kimi təsvir etdi. "O və atası tez-tez yəhudilərə qarşı qan böhtanları və antisemitizm sui-qəsd nəzəriyyələrini təbliğ edir" deyə əlavə etdi. İsrailin paylaşımı "Adidas"a da təsir edərək sual işarəsi doğurdu.
Hadid ayrıca İsrailyönlü təşkilatların hədəfinə də çevrildi.
Antisemitizmlə Mübarizə Təşkilatının baş direktoru Sacha Roytman "Onun bu qədər yəhudi qanının töküldüyü Olimpiadanı xatırladan ayaqqabı təqdim etməsi sadəcə olaraq iyrəncdir" dedi.
"Adidas"ın nasist keçmişi
Bununla belə, idman ayaqqabısı nəhənginin qaranlıq keçmişi, xüsusən də Hitlerin nasist partiyası ilə əlaqələri yaxşı sənədləşdirilmişdir.
1936-cı il Berlin Olimpiadasında bir çox alman idmançı Hitlerin nasist rejimi tərəfindən bütün dünyada Aryanların atletik üstünlüyünü nümayiş etdirmək üçün hazırlanmış tədbirdə "Adidas"ın "Dassler" marka ayaqqabılarını geymişdi.
Həmin vaxt brendin yaradıcıları iki qardaş Adi və Rudi Dassler nasist partiyasının üzvləri idilər və məktublarını “Heil Hitler” (Hitler salamı) ifadəsi ilə imzalayırdılar. Bu məlumatlar Barbara Smitin “Sneaker Wars” adlı kitabında, "Time" jurnalının məqaləsindən sitat gətirilib.
İkinci Dünya Müharibəsi zamanı iki qardaş Dassler idman ayaqqabısı istehsalını dayandırdılar və öz fabriklərindən Müttəfiqlərin tanklarını məhv etmək üçün hazırlanmış tank əleyhinə silah olan "Panzerchreck" (Tank Horror) istehsal etdilər.
"Adidas" indiyə qədər Nasist partiyası ilə keçmiş əlaqələri barədə səsini çıxarmadı. Rəsmi internet saytında idman geyimləri şirkəti brendin rəsmi yaranma ili olan 1949-cu ildən əvvəlki tarixini qeyd etmir.
Kanye Uest ilə baha başa gələn ayrılıq
Şirkətin nasist Almaniyası ilə əlaqələri 2022-ci ildə dünyaca məşhur reper Kanye Uestin antisemit şərhlərindən sonra əməkdaşlıq bitdikdən sonra gündəmə gəldi. Hazırda "Ye" adı ilə tanınan Kanye Uest "Yəhudilərə qarşı ölümcül bir addım atacağam... Siz məni dayandırdınız və mənimlə razılaşmayan hər kəsi kənarda saxladınız" ifadəsinə görə ağır tənqidlərə məruz qaldı.
"Adidas" Uest ilə əlaqələrini kəsdiyini və bunun ilin ilk rübündə şirkətə 246 milyon dollara başa gəldiyini açıqladı. Ümumi gəliri isə 1 faiz azalmışdı.
2024-cü ilin mart ayında "Adidas" antisemitizmlə mübarizə aparan qruplara Uest tərəfindən hazırlanmış və əvvəlcə dondurulmuş "Yeezy" idman ayaqqabılarının satışından 150 milyon dollardan çox ianə bağışladığını və ya bağışlamağı planlaşdırdığını açıqladı.
Bununla belə, bəzi tənqidçilər "Adidas"ın reaksiya vermək üçün "çox yavaş" olduğunu irəli sürərək, şirkətin bu addımı atmasının iki həftə çəkdiyini qeyd etdilər.
“Qəsdən” kimi tənqid olundu
Bella Hadidin reklamı çıxanda bir çoxları "Adidas"ı “keçmiş səhvlərdən dərs almamaqda” ittiham etdi. Bəziləri isə kampaniyanı “o qədər hesablanmış və mükəmməl antisemitizmdir ki, bunun sadə bir səhv olduğuna inanmaq çətindir" deyə qiymətləndirdi.
Məlumata görə, Hadid "Adidas"a qarşı ictimaiyyətə açıq cavabdehlikdəki nöqsanlığına görə məhkəməyə müraciət etmək üçün vəkil tutmuşdu. Amerika əyləncə saytı TMZ-nin istinad etdiyi mənbələrə görə, Hadid şirkətin "pis və zərərli kampaniya apardığını" söylədi.
"Adidas" reklamların tənqidinə cavab olaraq, bunun "istənmədən edilən səhv" olduğunu söylədi.
“Biz faciəli tarixi hadisələrlə əlaqənin olduğunu bilirik – bunlar tamamilə qəsdən olmasa da – və yaranan hər hansı narahatlığa və ya sıxıntıya görə üzr istəyirik”, – deyə şirkətdən bildirildi. Şirkət kampaniyanın qalan hissəsini “nəzərdən keçirdiklərini” elan etdi.
"Biz həmçinin tərəfdaşlarımız Bella Hadid, ASAP Nast, Jules Kounde və başqalarından bunun səbəb ola biləcəyi hər hansı mənfi təsirə görə üzr istəyirik", - açıqlamada deyildi.
Soyqırımda ittiham olunan dövlət
Bella Hadidin reklam kampaniyası ilə bağlı mübahisəsi İsrailin Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunduğu bir vaxta təsadüf edir.
Ölkənin Qəzzaya qarşı apardığı dağıdıcı müharibə müddətində İsrail rəsmilərinin sözlərində etnik təmizləməyə istinadlar yer aldı. Bu bəyanatlar İsrail prezidenti İsaak Herzoq, Baş nazir Benyamin Netanyahu və ifrat sağçı hökumətin digər nazirləri də daxil olmaqla, İsrailin qərar qəbul edən şəxsləri tərəfindən verildi.
Oktyabrın 9-da HƏMAS-ın İsrailə sərhəddən kənarda həyata keçirdiyi əməliyyatından sonra İsrailin müdafiə naziri Yoav Qallant Qəzzaya “tam mühasirə” elan edərkən, İsrailin “insan heyvanlarına qarşı mübarizə apardığını” bildirdi. Elektrik enerjisinin kəsiləcəyini, ərzaq və yanacağın əraziyə daxil olmasının qarşısının alınacağını açıqladı.
İsrail prezidenti İsaak Herzoq oktyabrın 14-də dedi: “Qəzzada heç bir günahsız mülki insan yoxdur. İki həftə sonra İsrailin Baş naziri Netanyahu İncildən bir ayə sitat gətirərək atəşkəsi qəbul etməyəcəklərini söylədi.
"Müqəddəs Kitabımız deyir ki, Amalekin sizə nə etdiyini xatırlayın”. “Biz xatırlayırıq və döyüşürük... Əsgərlərimiz 3000 il əvvələ gedən yəhudi döyüşçülərinin mirasının bir hissəsidir”, - Netanyahu əlavə edib.
Artıq 10-cu aydır ki, İsrail-Qəzza müharibəsi 2 milyondan çox fələstinlini evlərindən didərgin salıb, əksəriyyəti qadın və uşaq olmaqla 39 mindən çox insanın ölümünə, 90 mindən çoxunun isə yaralanmasına səbəb olub.
Holokostun tənqidi, yoxsa antisemitizm?
İsrailin Qəzzaya qarşı müharibəsi antisemitizmin təsviri və İsrailə qarşı hər hansı tənqidin antisemit nifrət nitqi təşkil edib-etməməsi ilə bağlı uzun müddətdir davam edən müzakirələri yenidən alovlandırdı.
Oktyabrın 7-dən bəri Netanyahu tez-tez İsraili və ya onun siyasətini tənqid edənləri nasistlərlə müqayisə edərək sərt bəyanatlardan istifadə edərək antisemitizmdə ittiham edir. Bəzilərinin fikrincə, bu diskurslar terminin mənasını pozmaq riski daşıyır.
Bella Hadid İsrailin bölgədəki hərəkətlərinin əleyhdarı kimi bu ittihamların hədəfinə çevrilən çoxlu fələstinlilərdən yalnız biridir.
İsrailli tarixçi Tom Segev AP xəbər agentliyinə deyib: "İsrailə qarşı hər tənqid antisemitizm deyil.
Bu cür sözlər antisemit nifrət olduğunu dediyiniz anda, siz tənqidi tamamilə qanuniləşdirmiş olursunuz və debatları boğmağa çalışırsınız".















