ABŞ və Rusiya rəsmiləri Floridada Ukrayna məsələsini müzakirə edəcək

ABŞ nümayəndə heyəti bu gün Florida ştatında Rusiya rəsmiləri ilə görüş keçirəcək

By
ABŞ və Rusiya rəsmiləri Floridada Ukrayna məsələsini müzakirə edəcək / Reuters Archive

ABŞ nümayəndə heyəti bu gün Florida ştatında Rusiya rəsmiləri ilə görüş keçirəcək. Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev rəhbərlik edəcək. Əvvəlki görüşlər ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun Mayamidə yerləşən Hallandeyl Biç qolf klubunda baş tutub.

Bu həftənin əvvəlində ABŞ, Ukrayna və Avropa rəsmiləri Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müəyyən irəliləyişlərin əldə edildiyini bildirsələr də, bu şərtlərin Moskva tərəfindən qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyəndir.

“Reuters” agentliyinə müsahibə verən Rusiya mənbəsi bildirib ki, Kirill Dmitriyev ilə Ukrayna nümayəndə heyəti arasında birbaşa danışıqlar nəzərdə tutulmur.

ABŞ kəşfiyyat hesabatlarında Rusiya prezidenti Vladimir Putinin bütün Ukraynanı nəzarətə almaq istədiyi qeyd olunur.

Moskvada keçirilən illik mətbuat konfransında çıxış edən Vladimir Putin heç bir güzəştə getmədiyini və Rusiyanın müharibəyə son qoymaq üçün irəli sürdüyü şərtlərin dəyişmədiyini bildirib.

Kiyev isə bəyan edib ki, Rusiya qüvvələri təxminən dörd ildir davam edən müharibə zamanı ələ keçirə bilmədikləri ərazilərdən imtina etməyəcək.

Ukrayna nümayəndəsi Rüstəm Umerov dekabrın 19-da bildirib ki, ABŞ və Avropa nümayəndələri arasında danışıqlar aparılıb və tərəflər birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.

Umerov ABŞ-dakı danışıqlarla bağlı ‘‘Telegram’’ kanalında etdiyi paylaşımda bu ifadələrə yer verib: “Amerikalı tərəfdaşlarımızla növbəti addımlar və yaxın gələcəkdə görüləcək birgə işləri davam etdirmək barədə razılığa gəldik”.
O, həmçinin danışıqların nəticələri barədə Prezident Volodimir Zelenskiyə məlumat verdiyini qeyd edib.