H.Fidan İranın qeyri-rəsmi diplomatik kanallara açıq ola biləcəyini bildirdi
Buna səbəb isə bölgədə davam edən münaqişə mühitinin rəsmi diplomatiyanın aparılmasını çətinləşdirməsidir
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan martın 14-də “Associated Press” agentliyinə ABŞ - İran münaqişəsi haqqında müsahibə verib. Nazir H.Fidan hazırda ABŞ ilə İran arasında aparılan danışıqların dayandığını, lakin Tehran rəhbərliyinin qeyri-rəsmi diplomatik kanallara açıq ola biləcəyinə inandığını bildirib.
H.Fidan buna səbəb olaraq isə hazırda bölgədə davam edən münaqişə mühitinin rəsmi diplomatiyanın aparılmasını çətinləşdirməsi olduğunu bildirib. Nazir H.Fidan deyib: “Hazırkı şərait diplomatiya üçün çox əlverişli deyil və İran tərəfi Vaşinqton hakimiyyəti ilə nüvə danışıqları apardıqları bir vaxtda hücuma məruz qalmalarını xəyanətə uğramış kimi qəbul edirlər. Lakin buna baxmayaraq məncə, onlar məntiqli olan hər hansı arxa qapı diplomatiyasına açıqdırlar.”
Bundan əlavə nazir H.Fidan bölgədə gərginlik artdığı bir dövrdə Türkiyənin əsas prioritetinin münaqişədən kənarda qalmaq olduğunu da vurğulayıb.
H.Fidan deyib: “Bilirəm ki, bizi təxribatlara cəlb etməyə çalışırlar və bu cəhdlər davam edəcək. Lakin bizim məqsədimiz aydındır. Biz bu müharibənin kənarında qalmaq istəyirik.”
H.Fidan İsrail rəhbərliyinin siyasi gündəmi haqqında
Türkiyə xarici işlər naziri Hakan Fidan həmçinin İsrailin bölgədə həyata keçirdiyi siyasəti tənqid edərək bildirib ki, baş nazir Benyamin Netanyahu rəhbərliyindəki İsrail regional aktorları davamlı şəkildə təhlükə kimi təqdim edir.
Nazir H.Fidan deyib: “B.Netanyahu hakimiyyətdə olduğu müddətdə İsrail hər zaman kimisə düşmən kimi müəyyənləşdirəcək. Çünki öz gündəmlərini irəlilətmək üçün buna ehtiyacları var. Əgər bu, Türkiyə olmasa, bölgədə başqa bir ölkəni hədəf göstərəcəklər.”
Türkiyə XİN rəhbəri H.Fidan İsraili təhlükəsizlikdən daha çox ərazi hədəfləri güdməkdə günahlandırıb.
Nazir bildirib: “Onların məqsədi təhlükəsizlik deyil, daha çox ərazi əldə etməkdir. Bu düşüncədən imtina etmədikləri müddətdə Yaxın Şərqdə həmişə müharibə olacaq.”