SİYASƏT
1 dəqiqə oxuma
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
İran Prezident Aparatının yaydığı məlumata görə, Prezident Məsud Pezeşkian paytaxt Tehranda Ermənistan rəsmisi Ararat Mirzoyan ilə görüşüb.
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"

İran Prezident Aparatının yaydığı məlumata görə, Prezident Məsud Pezeşkian paytaxt Tehranda Ermənistan rəsmisi Ararat Mirzoyan ilə görüşüb. Görüş zamanı ABŞ-nin yürütdüyü siyasəti sərt tənqid edən Məsud Pezeşkian bildirib ki, Vaşinqtonla danışıqların heç bir mənası yoxdur.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası danışıqlar zamanı İrana üç dəfə hücum edib və bu, ABŞ-nin məsələni dialoq yolu ilə həll etmək istəmədiyini, əksinə İranı məhv etmək niyyətində olduğunu açıq şəkildə göstərir.

İranın nüvə fəaliyyətlərinə toxunan dövlət başçısı ölkəsinin bu məsələdə həmişə aydın mövqe nümayiş etdirdiyini vurğulayıb. O, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAATƏ) tərəfindən ən çox yoxlanılan ölkə olduğunu, lakin buna baxmayaraq ABŞ-nin təzyiqlərini davam etdirdiyini diqqətə çatdırıb. BMT kürsüsündən dialoqa və yoxlamalara açıq olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladan Məsud Pezeşkian hər yoxlama prosesindən sonra İranın nüvə obyektlərinin və alimlərinin hədəf alınaraq sui-qəsdlərə məruz qaldığını bildirib.

ABŞ-nin insan hüquqları ilə bağlı bəyanatlarını da tənqid edən İran Prezidenti rəsmi Vaşinqtonun Minabda məktəbə edilən və 168 uşağın ölümü ilə nəticələnən hücuma görə cavab vermədiyini, lakin yenə də insan haqlarından danışdığını qeyd edib.

İran Prezidenti sui-qəsdlər həyata keçirən, sanksiyalar tətbiq edən, təzyiq göstərən və razılaşmaları pozan bir düşmənlə danışıqlar aparmağın mənasız olduğunu və xalqının bunu qətiyyən qəbul etmədiyini bəyan edib.