Türkiyə liseyinin şagirdləri CERN-də tarix yazdı

Türkiyəli gənclərdən ibarət komanda Cenevrənin mərkəzində yerləşən dünyanın ən böyük hissəcik fizikası laboratoriyasında mühim uğur qazanıb

By
Türkiyə liseyinin şagirdləri CERN-də tarix yazdı / TRT Azerbaycan

Bu gün sizlərlə qürurverici bir uğur hekayəsi haqqında məlumat verəcəyik. İstanbul Cağaloğlu Anadolu Liseyinin bir qrup şagirdi dünyanın ən nüfuzlu elm mərkəzlərindən biri olan CERN-də tarixi bir nailiyyətə imza atıb.

Türkiyəli gənclərdən ibarət komanda Cenevrənin mərkəzində yerləşən dünyanın ən böyük hissəcik fizikası laboratoriyasında mühim uğur qazanıb. İstanbul Cağaloğlu Anadolu Liseyinin şagirdləri, Avropa Nüvə Araşdırmaları Mərkəzi (CERN) tərəfindən hər il keçirilən Beynəlxalq Məktəblilər Arası Müsabiqə Yarışının (Beamline for Schools) qalibi kimi ilk Türkiyə komandası olub.

Bu beynəlxalq yarışmada ümumilikdə beş komanda finala vəsiqə qazanıb. Bəs bunun nə qədər böyük nailiyyət olduğunu bilirsinizmi? Çünki bu müsabiqəyə dünyanın 72 ölkəsindən 3 min 500 müraciət var idi!

Yarışmada “PhysiCal” adı ilə iştirak edən Türkiyə komandasının layihəsi nüvə parçalanması prosesi və bu prosesin radioaktiv tullantıların təsirini azaltma potensialı üzərində qurulub. Bu təkcə nəzəri bir layihə deyil; həqiqi problemlərə həll axtaran tətbiqi bir elmi araşdırmadır.

Komandanın üzvü 18 yaşlı Baran Buluttekinin sözlərindən öyrənirik ki, qrup bu yarışmaya düz dörd il ərzində xüsusi şəkildə hazırlaşıb. Lisey yaşındakı gənclər üçün necə böyük fədakarlıq olduğunu bir anlıq düşünün.

Şagirdlər bu müddət ərzində yarışmanın mexanizmini öyrəniblər, hissəcik fizikası sahəsində biliklərini dərinləşdiriblər, konfranslara qatılıblar və professorlarla tanış olublar. Gənclərin bu yolçuluğu məktəbdə qurulan kiçik bir fizika klubundan başlayıb və zamanla beynəlxalq müstəvidəki yarışa yönələn davamlı bir fəaliyyətə çevrilib.

Şagirdlər ötən il bu məqsədə çatmaq üçün yenidən bir araya gəldiklərində işlərini daha da intensivləşdiriblər. Layihə üzrə işləri bölüşərək aylarla böyük zəhmət və fədakarlıqla çalışıblar.

Bu əzmlə çaba göstərməyin bəhrəsi isə komandanın bu payız Cenevrəyə səfəri olub.

Şagirdlər 2025-ci il sentyabrın 10-da Cenevrəyə çatdıqdan sonra CERN mütəxəssisləri tərəfindən üçgünlük geniş proqramlı təlimdən keçiblər. 17 yaşlı Defne Çabukelin dediyinə görə, bu təlim sessiyaları radiasiyadan qorunma, kriyojenika və ilkin yardım mövzularını əhatə edib. Təlimin ardınca komanda üzvlərinə dozimetrlər, xüsusi qoruyucu geyimlər və giriş kartları təqdim olunub.

Təxminən iki həftə boyunca Türkiyə komandası, müsabiqənin digər qaliblərindən olan Belçika komandası ilə birlikdə “Beam” sahəsində sıx proqramda iştirak edib. Bu proqram təcrübələr, məlumat analizi seminarları və CERN-də yaradılan yeni texnologiyalarla bağlı tətbiqi sessiyaları əhatə edib.

Bu barədə 17 yaşlı Emir Özaktaşın sözləri xüsusilə diqqət çəkir: “CERN bizə fikirlərimizi reallığa çevirmə və özümüzü həqiqi alim kimi hiss etmə şansı verdi.”

Buradakı təcrübə gənclər üçün təkcə texniki bir təlim olmayıb. Onlara qlobal elm icmasının bir hissəsi olmaq duyğusunu qazandırıb. Emir Özaktaş deyir ki, lisey şagirdi olmalarına baxmayaraq, özlərinə göstərilən hörmət həm özlərinə inam verib, həm də bilik sərhədlərini aşmaq üçün onları daha da həvəsləndirib.

Proqramın tədris baxımından qiyməti olduqca yüksək olub. Komandanın digər üzvü Defne Karaoğlu CERN-də iki həftəyə öyrəndiklərinin adi halda illər çəkəcəyini söyləyir.

CERN-i “inanılmaz bir elmi dövriyyə məkanı” kimi təsvir edən Defne Karaoğlu həqiqi hissəcik sürətləndiricisində, tamamilə özlərinə ayrılmış xüsusi bir sahədə təcrübə aparma imkanını “çox az insana nəsib ola biləcək bir fürsət” kimi adlandırır.

Defne Karaoğlu əlavə edir ki, buradakı təcrübə sadəcə qazanılan elmi biliklərlə deyil, həm də qurulan əlaqələr və peşəkar fiziklərin həyatına dair geniş perspektiv verməsi ilə həyat dəyişdirən və ölçüyəgəlməz bir təcrübədir.

17 yaşlı Ela Kırdemir isə layihənin uzunmüddətli nəticələrindən danışır. Topladıqları elmi məlumatların məqaləyə çevriləcəyini və CERN-in dəstəyi ilə dərc olunacağını bildirir.

Bu, gənc şagirdlər üçün həqiqətən böyük nailiyyətdir. Lakin Ela Kırdemir qeyd edir ki, hazırlayacaqları bu məqalə son deyil, onları daha geniş hədəflərə aparan yeni bir pillədir.

Bu uğurun arxasında, əlbəttə, müəllimlərin də böyük rolu var. Şagirdlərə elmi sevdirən kimya müəllimi Osman Turcan və biologiya müəllimi Gökhan Gündüz kimi rəhbərlər hər addımda onlarla birlikdə olublar.

Müəllim Gökhan Gündüz, atom nüvəsindən hissəciklərin sürətləndirilib digər nüvələrlə yüksək enerjidə toqquşdurulması nəticəsində yeni hissəciklərin yarandığını izah edir. Bu proses radioaktiv maddələrin zərərini azaltmaqdan tutmuş, materiyanın təbiətini anlamağa qədər geniş sahələrdə tətbiq olunur.

Gökhan Gündüz şagirdlərin bu uğurunun ölkə üçün də nə dərəcədə əhəmiyyətli olduğunu belə izah edir: “Bu təkcə bir məktəb klubunun uğuru deyil, Türkiyə üçün böyük bir nailiyyətdir.” Onun fikrincə, bu uğur fizika sahəsində istedadlı bir çox türkiyəli şagird üçün istiqamətverici bir yol xəritəsidir. Həmçinin bu nailiyyət gələcək nəsilləri də elmə yönəlməyə təşviq vasitəsidir.

Şagirdlərin bu müsabiqəni təkcə bir təcrübə kimi deyil, gələcək inkişaf üçün bir platforma kimi görmələri olduqca təsiredicidir. Baran, Defne, Emir, Ela və digər komanda üzvləri bu uğuru davamlı yolun bir hissəsi, karyeralarını formalaşdıracaq və başqalarına ilham verəcək bir addım kimi qiymətləndirirlər.

Komandadakı şagirdlərin düşüncələri göstərir ki, CERN-də təşkil olunan beynəlxalq məktəblilər müsabiqəsindəki ən böyük uğur təkcə elmi təcrübələrdə deyil, gənc elm insanları arasında özünəinamın, şəxsiyyət duyğusunun və məqsəd hissinin formalaşdırılmasındadır.

Bu uğurun simvolik mənası da var. Uzun illərdir qlobal elmi əməkdaşlığın zirvəsi kimi tanınan CERN öz qapılarını İstanbuldan gələn bu gənclərə açdı və onlar bir daha sübut etdilər ki, elmi mükəmməllik nə coğrafiya ilə, nə də imkanlarla məhdudlaşır.

Türkiyədən olan “PhysiCal” komandasının zəfəri Türkiyə üçün böyük bir ilkdir. Lakin şagirdlər bu nailiyyətlərlə kifayətlənmir, daha çox gələcəyə fokuslanırlar.

CERN-də əldə etdikləri təcrübələr gənclərə passiv öyrənən deyil, bilik istehsalına aktiv töhfə verən şəxslər ola biləcəkləri platformaların nə qədər vacib olduğunu göstərir. Onların elmi jurnalda məqalə dərc etdirəcək olmaları isə bu uğurun nə qədər ciddi olduğunu bir daha təsdiqləyir.

Bu hekayə bir daha sübut edir ki, qətiyyət, zəhmət və düzgün rəhbərliklə gənclərimiz dünyanın ən nüfuzlu elm mərkəzlərində belə böyük uğurlar qazana bilərlər. Həmçinin bu hekayə, təkcə beş şagirdin deyil, Türkiyənin və gələcək nəsillərimizin nailiyyət hekayəsidir.