Nigeriyada katolik məktəbindən qaçırılan şagirdlərdən 50-si xilas olmağı bacarıb
Qurtulmağı bacaran həmin şagirdlər ailələrinə təhvil veriliblər
Nigeriya Xristianlar Birliyi (CAN) bildirib ki, ötən həftə Nigeriyadakı bir katolik məktəbindən qaçırılan 300-dən çox şagirddən 50 nəfər öz gücləri ilə xilas olmağı bacarıb.
Katolik məktəbinin təsisçisi Bulus Yohanna noyabrın 23-də verdiyi açıqlamada qeyd edib ki, şagirdlər noyabrın 21-dən 22-nə keçən gecə əsirlikdən qaça biliblər. Dövlət rəsmiləri həmçinin bildirir ki, xilas olan uşaqlar ailələrinə təhvil verilib.
B.Yohanna əlavə edib ki, on ikisi məktəb işçisi olmaqla 250-dən çox adam hələ də silahlı şəxslərin əlində girov saxlanılır.
Xatırladaq ki, silahlı şəxslər noyabrın 21-də ölkənin şimal-qərbindəki katolik dini məktəbindən şagirdləri və müəllimləri qaçırıblar. Oxşar hadisələrin tez-tez baş verdiyi Nigeriyada bu son kütləvi insan oğurluğu hökuməti həmin həftə 47 məktəbi bağlamağa məcbur edib.
Papa Leo noyabrın 23-də qaçırılan uşaqların və məktəb heyətinin dərhal azad olunmasını tələb edib. O, Romadakı Müqəddəs Pyotr Meydanında keçirdiyi ayinin sonunda Nigeriyada baş verən hadisəyə istinadən girovların dərhal azad olunması üçün çağırış edib.
Qeyd edək ki, bu kütləvi girov götürmə hadisəsi ABŞ prezidenti Donald Trampın Nigeriyada xristianların təqib olunduğu barədə irəli sürdüyü iddialardan dərhal sonra baş verib. Nigeriya hökuməti həmin iddianı həqiqətin təhrif olunması kimi dəyərləndirərək rədd edib və terror qruplarının həm müsəlmanlara, həm də xristianlara hücum etdiyini bəyan edib.