Kanada dövləti Suriyanı terroru dəstəkləyən dövlətlər siyahısından çıxardı
Kanada Xarici İşlər Nazirliyi bildirib ki, bu addım Böyük Britaniya və ABŞ-nin son qərarları ilə uyğunluq təşkil edir
Kanada Xarici İşlər Nazirliyi dekbarın 5-də yaydığı açıqlamada ölkənin Suriyanı “Dövlət Təhlükəsizliyi Haqqında Qanun” əsasında tərtib olunan terroru dəstəkləyən xarici dövlətlər siyahısından çıxardığını bəyan edib. Həmçinin “Heyət Təhrir əş-Şam” (HTŞ) təşkilatı Kanada Cinayət Məcəlləsi çərçivəsində terrorçu təşkilatlar siyahısından çıxarılıb.
Nazirlik vurğulayıb ki, atılan bu addımlar Böyük Britaniya və ABŞ-nin son qərarlarına uyğunluq təşkil edərək Suriyanın keçid hökumətinin sabitliyə nail olmaq, uğurlu gələcək qurmaq və terrorla mübarizədə qlobal tərəfdaşlarla əməkdaşlıq etmək səyləri nəzərə alınmaqla həyata keçirilib.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” təşkilatı Suriya vətəndaş müharibəsi dövründə prezident Bəşər Əsəd rejiminə qarşı çıxan ən güclü silahlı qruplardan biri hesab olunurdu. B.Əsəd rejimi süquta uğradıqdan sonra isə həmin qruplaşmanın rəhbəri kimi tanınan Əhməd Şaraa Suriya prezidenti olaraq seçildi.
Kanada xarici işlər naziri Anita Anand bildirib ki, ölkə Suriya hökumətinin bir il əvvəl B.Əsəd rejiminin sona çatmasından sonra Suriya xalqının rəhbərliyi altında sülh yolu ilə siyasi keçid istiqamətində atdığı müsbət addımları alqışlayır.
Anita Anand əlavə olaraq deyib: “Kanada bütün xalqı əhata edən, güclü və rifah içində bir gələcək axtarışında olan Suriya xalqının yanında qətiyyətlə dayanır.”