Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
Dağıdıcı “Kalmaegi” qasırğasından sonra “Fung-wong” qasırğası şiddətli yağışlar, güclü külək və yüksək dəniz dalğaları təhlükəsi yaradıb
Noyabrın 9-da (bu gün) “Fung-wong” qasırğasının güclənməsi ilə Filippinin şərq və şimal bölgələrində 100 min nəfərdən çox sakin təxliyə edilib. Qasırğanın günün irəliləyən saatlarında bölgəyə çatacağı gözlənildiyi üçün şiddətli yağışlar, dağıdıcı küləklər və yüksək daniz dalğaları təhlükəsi barədə xəbərdarlıq verilib.
Filippinin əsasən geniş sahil bölgələrini əhatə edən ərazilərində xəbərdarlıq siqnalları tətbiq olunub. Filippin Sahil Mühafizəsinin yaydığı görüntülərdə qabaqlayıcı təxliyyə əməliyyatlarının aparıldığı əks etdirilir.
Güclü küləyin sürətinin saatda 185 kilometrə, arabir isə 230 kilometrədək yüksəlməsi ilə “Fung-wong” qasırğasının bu gecə mərkəzi Luzondakı Aurora vilayətinə çatacağı proqnozlaşdırılır.
Ölkənin bəzi hissələrində artıq elektrik enerjisinin verilişində fasilələr yaranıb.
300 uçuş ləğv edilib
Mülki aviasiyanın yaydığı məlumata görə, 300-dən çox daxili və beynəlxalq reys ləğv olunub.
“ABS-CBN News”un “X” sosial şəbəkəsində paylaşdığı videoda bəzi vilayətlərdəki qasırğanın şiddəti əks olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl 204 nəfərin ölümünə səbəb olan “Kalmaegi” qasırğasından sonra “Fung-wong” qasırğası da artıq Filippin sahillərinə yaxınlaşıb.
Xatırladaq ki, “Kalmaegi” qasırğası Filippindən sonra Vyetnama çataraq daha beş nəfərin həyatını itirməsinə və sahil ətrafı ərazilərdə yaşayan sakinlərin ciddi ziyan görməsinə səbəb olmuşdu.