Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müxtəlif inanca mənsub insanların dinlərini sərbəst şəkildə yaşaya bildiyi və dini icmaların sərbəst fəaliyyət göstərə bildiyi nümunəvi bir ölkə olduğunu deyib.
Martın 10-da Ankaradakı Prezident Sarayında dini azlıqların nümayəndələri ilə iftar süfrəsində bir araya gələn R.T.Ərdoğan Türkiyədə müxtəlif dini icmalar arasında mövcud olan köklü birgəyaşayış ənənəsinə diqqət çəkib.
Ölkə başçısı R.T.Ərdoğan çıxışı zamanı deyib: “Türkiyə hər kəsin din və vicdan azadlığına sahib olduğu, insanların öz inanclarını sərbəst şəkildə yerinə yetirə bildiyi, dini icmaların öz qurumlarını yaşada bildiyi və qarşılıqlı hörmət mühitinin hökm sürdüyü nümunəvi bir ölkədir.”
Prezident bununla yanaşı son illərdə artan islamofobiyanın təkcə müsəlmanlar üçün deyil, eyni zamanda birgəyaşayış mədəniyyəti üçün də ciddi təhlükə yaratdığını vurğulayıb. Məsələylə bağlı dövlət başçısı R.T.Ərdoğan deyib: “Xüsusilə son illərdə artan islam düşmənliyi həm bizim insanlarımızı, həm də birgəyaşayış mədəniyyətini açıq şəkildə təhdid edir.”
“Qaranlıq strukturlara tolerantlığımız yoxdur”
İbadət məkanlarını hədəf alan radikal qrupları da qınayan Prezident R.T.Ərdoğan bu cür hərəkətlərin əsas insani dəyərləri sarsıtdığını bildirib.
R.T.Ərdoğan deyib: “Məscid, kilsə, sinaqoq demədən ibadət yerlərini bombalayan, ibadət məkanlarına belə hörməti olmayan DEAŞ-a bənzər qaranlıq strukturlara qarşı da heç bir tolerantlığımız yoxdur.”
Prezident hər hansı bir inanca qarşı nifrətin qəti şəkildə rədd edilməli olduğunu vurğulayaraq həm İslam düşmənliyini, həm də antisemitizmi insanlığa qarşı törədilmiş ağır cinayətlər kimi qiymətləndirib.
Yekunda Prezident R.T.Ərdoğan bildirib:“Həmişə dediyim kimi, İslam düşmənliyi necə bir insanlıq cinayətidirsə, antisemitizm də cinayətdir və nə məqbul, nə də qanuni sayılacaq bir şey deyil.”











