Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.
Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Dövlət başçısı İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, qardaş ölkə Azərbaycana olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Tramp Paşinyana da zəng edib
ABŞ Prezidenti Vaşinqton Bəyannaməsinin birinci ildönümü münasibətilə Ermənistan Baş naziri ilə də telefon danışığı aparıb.
Paşinyanın ofisindən verilən açıqlamaya görə, avqustun 8-də Tampla telefon danışığında Paşinyan ABŞ Prezidentinə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitinin təşkilinə və tədbir zamanı şahid qismində qəbul edilən birgə bəyannaməni imzalamasına görə təşəkkür edib; o, Trampın şəxsi səylərinin sülhün əldə edilməsində "həlledici" rol oynadığını vurğulayıb.
Bəyanatda əlavə edilib: "Zəng edənlər Vaşinqton Sülh Sammitinin hər iki ölkə xalqları tərəfindən görülən və hiss edilən Ermənistan və Azərbaycan arasında əsl sülhə gətirib çıxardığını alqışlayıblar".
Bəyanatda həmçinin qeyd olunur ki, Paşinyan və Tramp Trampın Sülh və Rifah naminə Beynəlxalq Marşrut (TRIPP) layihəsinin hazırkı vəziyyətini müzakirə ediblər.
Baş nazir Paşinyan və Prezident Tramp yaxın gələcəkdə TRIPP-nin tikintisinə başlamaq öhdəliklərini bir daha təsdiqləyiblər", - deyə bəyanatda bildirilir və əlavə olunur ki, iki lider ikitərəfli və beynəlxalq gündəmdəki digər məsələləri də müzakirə ediblər.
Bu görüş bir il əvvəl Əliyev və Paşinyanın Ağ Evdə keçirilən sammitdə saziş layihəsi hazırladıqları və Trampla birgə bəyanat imzaladıqları günə təsadüf edir; bu addımlar onilliklər davam edən münaqişəyə son qoymaq, döyüşləri dayandırmaq, nəqliyyat yollarını yenidən açmaq və münasibətləri normallaşdırmaq öhdəliklərini əhatə edirdi.
Cənubi Qafqazdakı iki qonşu 1980-ci illərin sonlarından bəri Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində iki böyük müharibə aparıblar.






















