Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib

Hakan Fidanın iki günlük səfəri zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi planlaşdırılır

By
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 4-də Finlandiyaya səfər edib. Türkiyənin diplomatik mənbələrinin yaydığı məlumata görə, Hakan Fidan səfər çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen və Finlandiya Parlamentinin sədri Yussi Halla-aho ilə görüşəcək.

Hakan Fidanın iki günlük səfəri zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər zamanı nazirin Finlandiya Parlamentində keçiriləcək “Türkiyə-Finlandiya əməkdaşlığı” tədbirində çıxış etməsi və Finlandiyada yaşayan tatar icmasının üzvləri ilə görüşməsi gözlənilir.

Hakan Fidan görüşlər zamanı Türkiyə-Finlandiya əməkdaşlığının, xüsusən ticarət, investisiya və müdafiə sənayesi sahələrində dərinləşdirilməsinin və şaxələndirilməsinin vacibliyini vurğulayacaq. O, həmçinin Türkiyənin informasiya texnologiyaları, kibertəhlükəsizlik, maliyyə texnologiyaları və bərpa olunan enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu bildirəcək.

Hakan Fidan Arktika bölgəsində birgə təşəbbüslərin ikitərəfli münasibətlərə yeni baxış gətirəcəyini və Finlandiyadakı tatar icmasının iki ölkə arasında güclü humanitar əlaqələri təmsil etdiyini vurğulayacaq.

Nazir həmçinin Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə dəstəyə görə təşəkkür edəcək və Gömrük İttifaqının yenilənməsi və viza rejiminin sadələşdirilməsi ilə bağlı əldə olunan irəliləyişlər barədə gözləntiləri paylaşacaq.

Hakan Fidan iki ölkənin qlobal sülh və təhlükəsizlik sahəsində birgə səylərinin, eləcə də BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində həmsədrlik etdiyi Vasitəçilik Dostları Qrupunun əhəmiyyətini vurğulayacaq.

O, NATO müttəfiqi Finlandiyanın Avro-Atlantik təhlükəsizliyinə verdiyi töhfələrə inandığını və ittifaq daxilində tam dəstək verməyə hazır olduqlarını bildirəcək.Hakan Fidan həmçinin Türkiyənin hərbi gücü və strateji mövqeyinin Avropanın təhlükəsizlik sistemində əvəzolunmaz rol oynadığını vurğulayacaq.

Rusiya-Ukrayna müharibəsində ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş beynəlxalq səylərdə asanlaşdırıcı rol oynamağa hazır olduğunu da qeyd edəcək. Nazir Qəzzada atəşkəsin qorunması, humanitar yardımın fasiləsiz çatdırılması və regiondakı kövrək humanitar vəziyyətin yaxşılaşdırılması üçün beynəlxalq səylərin sürətləndirilməsinin vacibliyini vurğulayacaq.

Türkiyə və Finlandiya arasında diplomatik münasibətlər 1924-cü ildə Dostluq Müqaviləsi ilə qurulub. 2010-cu ildə iki ölkə BMT-nin Sülh Naminə Vasitəçilik təşəbbüsünü birgə irəli sürüblər. Keçən il iki ölkə arasındakı ticarət həcmi təxminən 1,8 milyard dollara çatıb.

Qeyd edək ki, 2024-cü ildə 123.000 finlandiyalı turist Türkiyəni ziyarət edib.

Finlandiya 2023-cü ildə NATO-ya qoşulduqdan sonra Türkiyənin müttəfiqi olub. 2024-cü ildə Finlandiya Prezidenti Aleksandr Stubb Türkiyəyə rəsmi səfər edib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Finlandiyada yaşayan türk icması ikitərəfli münasibətlərdə mühüm rol oynayır.