V.Zelenski Avropa turu çərçivəsində 1,2 milyard dollar dəyərində saziş əldə edib
Ukrayna prezidenti Yunanıstan, Fransa və İspaniya ilə hava hücumundan müdafiə, aviasiya və enerji sahələrində yeni razılaşmalar imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstan, Fransa və İspaniyaya səfərlərindən sonra bəyan edib ki, bu ölkələrlə əldə edilən razılaşmalar nəticəsində Ukrayna həm yeni hava hücumundan müdafiə sistemləri, həm də qış mövsümü üçün zəmanətli qaz tədarükü alacaq.
V.Zelenski səfər turunun yekunlarını açıqlayaraq bildirib ki, üç ölkə ilə bağlanan sənədlərin ümumi dəyəri 1,1 milyard avrodan (1,27 milyard dollar) çoxdur. Onun sözlərinə görə, bu razılaşmalar Ukraynanın hava hücumundan müdafiə imkanlarını, hərbi aviasiyasının gücünü və enerji sisteminin qış aylarındakı dayanıqlığını əhəmiyyətli şəkildə artıracaq.
Prezident noyabrın 19-da “Telegram” üzərindən etdiyi paylaşımda qeyd edib ki, Afinada imzalanmış yeni sənədə əsasən Yunanıstan Ukraynaya istilik üçün lazımi qaz həcmini zəmanətlə təqdim edəcək. V.Zelenski Yunanıstanı “Ukrayna, eləcə də bütün Mərkəzi və Şərqi Avropa üçün mühüm enerji mərkəzi” adlandırıb.
Ukrayna dövlət başçısı V.Zelenski əlavə edib ki, Fransa ilə müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirəcək. Bu çərçivədə Ukraynanın 2035-ci ilə qədər 100 ədəd “Rafale F4” qırıcısı əldə etməsi planlaşdırılır. Bundan başqa, Paris hökuməti SAMP/T hava hücumundan müdafiə sistemləri, inkişaf etdirilmiş radarlar, “hava-hava” tipli raketlər və güdümlü aviasiya bombaları verəcək. Fransa həmçinin ilin sonuna qədər Ukraynaya yeni hərbi yardım paketi göndərəcək.
V.Zelenskinin sözlərinə görə, İspaniya da Ukraynaya əhəmiyyətli maliyyə və hərbi dəstək ayırır. Madrid rəhbərləyi “Ukraynanın Əsas Tələblər Siyahısı” (PURL) təşəbbüsü üçün hava hücumundan müdafiə raketlərinə 100 milyon avro (115,7 milyon dollar) ayırıb. Bundan əlavə, SAFE mexanizmi çərçivəsində 215 milyon avro (248,7 milyon dollar) və Ukraynanın enerji infrastrukturunu dəstəkləmək üçün 200 milyon avro (231,4 milyon dollar) maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, PURL təşəbbüsü Avropa və Kanadadakı NATO üzvü ölkələrinə Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını maliyyələşdirməyə imkan verən ABŞ–NATO proqramıdır. İspaniya əlavə olaraq IRIS-T hava hücumundan müdafiə raketlərini də nəzərdə tutan yeni müdafiə paketini hazırlayır.
V.Zelenskinin Ankaraya səfəri
Bu gün noyabrın 19-da V.Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Ankara şəhərinə gələrək Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün abidə kompleksi olan Anıtqəbiri ziyarət edib.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak bəyan edib ki, görüşlər “işyönümlü və ciddi iş atmosferində” davam edir. O həmçinin ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri — o cümlədən səfir Stiv Vitkoff — ilə koordinasiyanın aktiv şəkildə irəllədiyini bildirib.