Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çinə rəsmi səfərə gedib. Qərbin artan təzyiqlərinə baxmayaraq Çin prezident Si Cinpin və Baş nazir Li Qianqla keçiriləcək danışıqlarda iqtisadi və texnoloji əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
TASS xəbər agentliyi Rusiya hökumətinin mətbuat xidmətinə istinadən bildirib ki, Mişustin noyabrın 3-də Hançjou şəhərində Li Qianqla hökumət başçılarının müntəzəm görüşünü keçirəcək, noyabrın 5-də isə Pekinə gedərək Çin Prezidenti Si Cinpinlə görüşəcək.
Çin və Rusiya arasında hökumət başçılarının son görüşü 2024-cü ilin avqustunda Moskvada baş tutub. Həmin görüş zamanı Li Qianq iki ölkə münasibətlərində yaranan “yeni canlılığı” və “dinamizmi” yüksək qiymətləndirib.
“İnterfaks” agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Mişustinin Çinə səfərinə “böyük əhəmiyyət” verdiklərini bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin Mişustin vasitəsilə Si Cinpinə hər hansı mesaj göndərib-göndərməyəcəyi barədə sualı isə cavabsız qoyub.
Qeyd edək ki, Vladimir Putin və Si Cinpin 2022-ci ilin fevralında “məhdudiyyətsiz tərəfdaşlıq” barədə birgə bəyannamə imzalamışdılar. O vaxtdan bəri rəsmi Moskva Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq məqsədilə Pekinlə əlaqələri daha da gücləndirib. Nəticədə iki ölkə arasında ikitərəfli ticarət rekord səviyyəyə çatıb, yuanla ödənişlərin həcmi artıb və enerji sahəsində əməkdaşlıq daha da dərinləşib.
ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə ticarət və texnologiya sahəsində yaranan ABŞ–Çin gərginliyi Vaşinqtonla Pekin arasındakı münasibətləri kəskinləşdirmiş, bu isə həm Moskvanı, həm də Pekini Qərbin təzyiqlərinə cavab olaraq sərhədyanı ticarəti gücləndirməyə təşviq etmişdi.
Lakin son aylarda Çin və Rusiya arasındakı ticarət dövriyyəsində azalma qeydə alınıb. Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov bu azalməni “xarici iqtisadi təzyiqlər” və Rusiyada Çin məhsullarına olan tələbin artıq maksimum səviyyəyə çatması ilə izah edib.
TASS xəbər agentliyinin məlumatına görə, Mixail Mişustinin Çinə səfəri zamanı baş tutacaq danışıqlarda ticarət və iqtisadi əlaqələr, nəqliyyat və sənaye əməkdaşlığı, enerji tərəfdaşlığının möhkəmləndirilməsi, eləcə də yüksək texnologiyalar və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin gündəmə gətiriləcəyi gözlənilir.
Rusiya dövlət mediası mediası xəbər verir ki, rəsmi Moskva sənaye və texnologiya sahəsindəki əməkdaşlığı Pekinlə uzunmüddətli və dayanıqlı əlaqələrin forması kimi qiymətləndirir, çünki bu sahələr bazar şərtlərindən daha az asılıdır.
Rusiya hökumətinin “Telegram” kanalında yayılan məlumata əsasən, bazar günü Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko və Çin Baş nazirinin müavini He Lifeng Ninbo şəhərində keçirilən komissiya iclasına sədrlik ediblər. Görüşdə mis və nikel ixracının artırılması, həmçinin kənd təsərrüfatı məhsullarına daha geniş çıxışın təmin olunması məsələləri müzakirə edilib.











