DÜNYA
1 dəqiqə oxuma
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Hadisə ölkənin Tuzla əyalətində baş verib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var / Reuters
5 noyabr 2025

Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən Tuzla əyalətindəki qocalar evində baş verən yanğın nəticəsində 10 nəfər həyatını itirib, təxminən 20 nəfər yaralanıb.

Qocalar evinin yaydığı bəyanatda deyilir: “Təəssüf ki, 10 nəfər həyatını itirib, təxminən 20 nəfər yaralanıb’’.

Məlumata görə, yanğın yerli vaxtla saat 20:45-də baş verib.

“Federalna TV” telekanalının məlumatına əsasən, yanğın təxminən bir saat ərzində nəzarət altına alınıb. Hadisənin səbəbi hələ ki, müəyyən edilməyib.

Tuzla Universitetinin Mərkəzi Klinikasının sözçüsü Ersija Asçeriç Mujedinoviç “tuzlanski.ba” xəbər portalına açıqlamasında bir neçə xəstənin dəm qazından zəhərləndiyini və hazırda müalicə olunduğunu təsdiqləyib.

Ersija Asçeriç Mujedinoviç deyib: “Dəm qazından zəhərlənən üç xəstə Daxili Xəstəliklər Klinikasında, ikisi reanimasiya şöbəsində, bir xəstə isə qəbul şöbəsində müalicə olunur”.

“Federalna TV”nin məlumatına görə, ən azı beş nəfər yaralanıb, onlardan üçü reanimasiyadadır.

Səlahiyyətli qurumlar yanğının səbəblərini müəyyənləşdirmək üçün istintaqa başlayıblar.
Təcili yardım briqadaları və yanğınsöndürənlər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.