TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin yerli istehsalı olan “Tayfun” ballistik raketi növbəti sınaqdan uğurla keçib
Türkiyənin müdafiə potensialı güclənərək daha da inkişaf edir
Türkiyənin yerli istehsalı olan “Tayfun” ballistik raketi növbəti sınaqdan uğurla keçib
Türkiyənin müdafiə potensialı güclənərək daha da inkişaf etdirilir / AA
13 dekabr 2025

Türkiyənin ən uzun mənzilli və yerli istehsalı olan ballistik raketi statusuna malik “Tayfun”un müxtəlif variantları üzrə sınaqlar davam etdirilir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün dekabrın 12-də Türkiyənin sosial media platforması olan “NSosyal”da paylaşım edərək bildirib: “TAYFUN raketimiz həyata keçirilən uğurlu sınaq atışı ilə təhlükəsizliyimizin üfüqlərini genişləndirən, müdafiyə sistemimizi möhkəmləndirən daha bir mühüm mərhələni geridə qoyub.”

Haluk Görgün qeyd edib ki, proses çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına yeni sistemlər daxil etdirilir. Bununla da çoxqatlı, yerli və milli həllər əsasında ölkənin müdafiyə potensialı gücləndirilir.

H.Görgün deyib: “Bu uğur təkcə bir raketin hədəfi vurması deyil, mühəndisliyimizin zəhmətinin, gənclərimizin zəkasının və millətimizin sarsılmaz iradəsinin məhsulu olan uzun bir yolun qürurverici nəticəsidir.”

 

“Tayfun” xidmətə hazırdır

Haluk Görgün vurğulayıb ki, hər bir dəqiq zərbə Türkiyənin öz hava məkanını öz gücü ilə qorumaq iradəsinin gur səsidir.

Müdafiə Sənayesi Komitəsinin sədri açıqlamasında həmçinin deyib: “Bu kritik uğurda əməyi olan ROKETSAN ailəsinə, mühəndisindən texnikinə qədər bütün əməkdaşlarımıza səmimi təşəkkürümü bildirirəm. Ortaya qoyulan bu yüksək bacarıq Türkiyənin gələcəyini qorumaq əzminin konkret göstəricisidir. Türkiyə atdığı hər addımla gələcəyə daha inamla, daha güclü və daha qətiyyətlə irəliləməyə davam edir.”

ROKETSAN şirkətinin baş icraçı direktoru Murat İkinci də sınaqla bağlı açıqlamasında “Tayfun”un xidmətə hazır olduğunu bildirib.

M.İkinci “NSosyal” platformasındakı paylaşımında deyib: “TAYFUN xidmətə hazırdır. Kütləvi istehsal və təhvil-təslim fəaliyyətlərini sürətlə davam etdirdiyimiz TAYFUN Raket və Silah Sistemi son atışında da hədəfi tam dəqiqliklə vurdu. Bu uğurda payı olan bütün həmkarlarımı ürəkdən təbrik edirəm.”

MƏNBƏ:TRT