Səudiyyə Ərəbistanı bu gün İranın bölgədəki qonşularını və enerji infrastrukturunu hədəf aldığı bir vaxtda, strateji neft yatağına doğru yönələn yeddi pilotsuz uçuş aparatı (PUA) dalğasının zərərsizləşdirildiyini bildirib.
Müdafiə Nazirliyinin "X" platformasında verdiyi açıqlamada Şeybah neft yatağına doğru uçan iki PUA-nın ələ keçirilərək məhv edildiyi qeyd olunub.
Nazirlik başqa paylaşımlarda daha beş pilotsuz təyyarənin də sıradan çıxarıldığını vurğulayıb.
BƏƏ sərhədi yaxınlığında yerləşən və "Saudi Aramco" tərəfindən idarə olunan Şeybah yatağı krallığın neft hasilatı üçün həyati əhəmiyyət kəsb edir.
Krallıq həmçinin ölkənin şərq bölgəsini və martın 1-də bir amerikalı əsgərin vurulması ilə nəticələnən Şahzadə Sultan Hava Bazasını hədəf alan yeddi ballistik raketin qarşısının alındığını açıqlayıb.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri də İrandan gələn yeni raket və PUA hücumları barədə məlumat verib.
BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin hədəfləri müəyyən edilməyən raket və PUA-lara qarşı uğurla fəaliyyət göstərdiyini bildirib.
İran İsrail və ABŞ bazalarına raket hücumları həyata keçirib
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) martın 10-da Təl-Əviv də daxil olmaqla İsrail şəhərlərinə və bölgədəki ABŞ hədəflərinə yeni raket hücumları başlatdığını elan edib.
İran mediasının yaydığı məlumata görə, İran qüvvələri həmçinin Bəhreyndəki və İraqın şimalındakı Kürd bölgəsində yerləşən ABŞ bazalarını hədəf alıb.
"Tasnim" xəbər agentliyi İİKK-nın Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına və İraqın şimalındakı üç digər obyektə "kütləvi şəkildə" ballistik raketlər atdığını xəbər verib.
Rəsmilərin bildirdiyinə görə, Bəhreynə edilən bu hücumlar nəticəsində indiyədək iki nəfər həlak olub.
"Fars" və "Mehr" xəbər agentlikləri isə İİKK-nın Küveytdəki ABŞ-nin "Arifcan" düşərgəsinə ən azı iki raket atdığını bildirib.
Küveyt rəsmiləri raket hücumu xəbərlərinə hələlik münasibət bildirməsə də, Milli Qvardiya ölkə səmasında İran mənşəli səkkiz PUA-nın vurulduğunu təsdiqləyib.








