Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Müdafiə Sənayesi İcra Komitəsinin iclasına sədrlik edib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin ilk toplantısında Türkiyə müdafiə sənayesinin ötən il ərzində əldə etdiyi nailiyyətlər, ixrac uğurları və strateji hədəflər ətraflı nəzərdən keçirilib. Komitə yerli və milli müdafiə sənayesini inkişaf etdirmə işlərinin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb. İclasda Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin ehtiyacları üçün mövcud və planlaşdırılan layihələr müzakirə olunub və qərarlar qəbul edilib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi qeyd edib ki, müdafiə sənayesinin əldə etdiyi uğurlar xalqımızın və dövlətimizin güclü dəstəyi ilə mümkün olub.
İclasda qəbul edilən qərarların isə ictimaiyyətə açıqlanacağı qeyd edilib.














