Avropa İttifaqı Rusiya aktivlərini müddətsiz olaraq dondurmaq niyyətindədir
Rusiya Mərkəzi Bankı isə Aİ-nin dondurulmuş Rusiya aktivlərindən istifadə planlarının qanunsuz olduğunu bildirib
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropada saxlanılan Rusiya aktivlərinin “müddətsiz olaraq dondurulması” barədə qərar qəbul edildiyini bəyan edib.
Kaya Kallas dekabrın 12-də “X” platformasında paylaşım edərək bildirib: “Avropa İttifaqı Rusiya aktivlərini müddətsiz olaraq hərəkətsiz vəziyyətdə saxlamaq barədə qərar verib. Bu qərar Rusiyanın vurduğu zərərin əvəzini tam şəkildə ödəyənədək Avropa İttifaqı ərazisində təxminən 210 milyard avro (246 milyard dollar) həcmində Rusiya vəsaitinin qalmasını təmin edir”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qərarı müsbət qarşıladığını bildirib və vurğulayıb ki, bu addım müharibə davam etdiyi müddətdə Rusiyanın üzərinə düşən maliyyə yükünün artmaqda davam edəcəyinə dair “güclü siqnal”dır.
Avropa Şurasının sədri Antonio Koşta da eyni platformada paylaşım edərək deyib: “Oktyabr ayında keçirilən Avropa Şurası (EUCO) zirvə toplantısında Avropa İttifaqı liderləri Rusiya müharibəni dayandırana və vurduğu zərərin əvəzini ödəyənədək Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlanılacağı barədə öhdəlik götürmüşdülər. Bu gün həmin öhdəliyi yerinə yetirdik.”
Qərar Avropa İttifaqının Ukrayna üçün ya birbaşa borclanma yolu ilə, ya da sanksiyalar çərçivəsində “Euroclear” maliyyə qurumunda dondurulmuş Rusiya aktivlərinin 105 milyard dollar vəsait hissəsinin istifadə edilməsini nəzərdə tutur.
Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin əsas saxlayıcısı olan “Euroclear”ın yerləşdiyi ölkə kimi Belçika planla bağlı narahatlığını ifadə edib. Belçika rəsmiləri ölkənin təkbaşına hüquqi çətinliklərlə üzləşə biləcəyindən və maliyyə məsuliyyəti daşımaq məcburiyyətində qala biləcəyindən ehtiyat etdiklərini bildiriblər.
Belçika hökuməti mümkün maliyyə və hüquqi riskləri azaltmaq, eləcə də “Euroclear”ı daha yaxşı qorumaq məqsədilə Avropa Komissiyasının ilkin təklifinə bir sıra dəyişikliklərin edilməsini tələb edib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı dekabrın 12-də səhər saatlarında Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən istifadə planlarının qanunsuz olduğunu bir daha bəyan edib və bu təşəbbüsə qarşı hüquqi etiraz edəcəyini açıqlayıb.