S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Rusiya XİN rəhbəri Sergey Lavrov rəsmi Moskvanın Ukrayna ilə bağlı əsas tələblərini və prioritetlərini vurğulayıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya dövlət xəbər agentliyi RİA-ya açıqlamasında bildirib ki, Ukraynada sülhün əldə edilməsi üçün Rusiyanın maraqları nəzərə alınmalıdır. Həmçinin S.Lavrov məsələylə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Kreml ötən ay Rusiya prezidenti ilə ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünün təşkili üzrə cəhdlərin dayandırılmasından sonra S.Lavrovun Vladimir Putinin gözündən düşdüyü barədə yayılan ehtimalları noyabrın 7-də təkzib edib.
“Reuters” və digər media qurumlarının xəbərinə görə, rəsmi Vaşinqton yeni zirvə görüşünü ona görə ləğv edib ki, S.Lavrovun rəhbərlik etdiyi Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfinə rəsmi Moskvanın Ukrayna məsələsində irəli sürdüyü tələblərdən heç bir güzəştə getməyə hazır olmadığını bildirib.
Britaniyanın “Financial Times” qəzeti yazır ki, S.Lavrovun ABŞ Dövlət katibi M.Rubio ilə keçirdiyi görüşün nəticəsi Vaşinqton rəhbərliyində narazılıq yaradıb. Ehtimal var ki, ABŞ administrasiyasının yeni Rusiya–ABŞ zirvəsindən imtina etməsinə səbəb bu ola bilər.
S.Lavrov noyabrın 9-da RİA-ya müsahibəsində belə deyib: “Dövlət katibi Marko Rubio ilə mən, müntəzəm əlaqənin zəruriliyini anlayırıq. Ukrayna məsələsini müzakirə etmək və ikitərəfli gündəliyi irəli aparmaq baxımından bu vacibdir. Bu səbəbdən telefonla əlaqə saxlayırıq və zərurət yarandıqda üzbəüz görüşməyə hazırıq.”