Tailand və Kamboca arasında baş verən gərginlikdən sonra təxminən 500 minə yaxın insan təhlükəsiz ərazilərə sığınmaq məcburiyyətində qalıb. Bu rəqəm ilin əvvəlindəki oxşar toqquşmalar zamanı təxliyə edilən insanların ümumi sayını geridə qoyur.
Tailand Müdafiə Nazirliyinin sözçüsü Surasant Konqsiri mətbuat konfransında bildirib ki, çox sayda mülki şəxs təxliyə edilib. Onun sözlərinə görə, yeddi əyalətdə 400 mindən çox insan təhlükəsiz sığınacaqlara köçürülüb. O, həmçinin bildirib ki, 2025-ci ilin iyul ayında mülki şəxslərə qarşı yaşanan hücumların təkrarlanmamasını istəyirik.
Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeata isə açıqlamasında bildirib ki, dekabrın 9-da 101.229 nəfər təhlükəsiz sığınacaqlara və qohumlarının evlərinə təxliyə olunub.
Cənub-Şərqi Asiyanın iki qonşu dövləti müstəmləkə dövründə müəyyən edilmiş 800 kilometrlik sərhəd xətti ilə bağlı mübahisə yaşayır. Tarixi məbədlərə dair qarşılıqlı iddialar silahlı toqquşmalara çevrilib.
Bu həftə baş verən toqquşmalar ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən bəri ən qanlı qarşıdurma kimi qiymətləndirilir. Bu hadisələr, iyul ayında sərhədin hər iki tərəfində onlarla insanın həlak olduğu və təxminən 300 min nəfərin evlərini tərk etməyə məcbur qaldığı beş günlük döyüşlərdən sonra baş verib.






