R.T.Ərdoğan: “Qəzzadakı soyqırım təkrarlanmamalıdır”
Yeni əldə olunan atəşkəs razılaşması qalıcı sülhə doğru mühüm addım kimi qiymətləndirilir
Oktyabrın 10-da Rizedə açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada “soyqırım mühitinə” geri dönüşün “çox ağır bir qarşılığı” olacağı barədə xəbərdarlıq edərək, İsrail ilə “Həmas” arasında əldə olunan atəşkəs razılaşmasını məmnuniyyətlə qarşıladığını vurğulayıb.
Xəbər verildiyi kimi, İsrail və “Həmas” arasında razılaşdırılan atəşkəs, ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim olunan 20 maddəlik plan əsasında Misirin Şarm əl-Şeyx şəhərində, oktyabrın 9-da səhər saatlarında əldə olunub.
Qeyd edək ki, planın ilk mərhələsi dərhal atəşkəsin təmin edilməsini, girovların və məhbusların azad edilməsini, İsrail qüvvələrinin Qəzza üzərində razılaşdırılan xəttə çəkilməsini və bölgəyə humanitar yardımın çatdırılmasını nəzərdə tutur. Həmçinin, beynəlxalq ictimaiyyətin yenidənqurma prosesinə dəstək verməsi də planın tərkib hissəsidir.
Türkiyənin mövqeyi
Türkiyənin Qara dəniz bölgəsində yerləşən Rizə şəhərində yeni obyektlərin açılış mərasimində danışan ölkə başçısı R.T.Ərdoğan rəsmi Ankaranın Qəzzada sülhün, təhlükəsizliyin və sabitliyin “ən qısa zamanda” bərpa olunması üçün bütün imkanlardan istifadə etdiyini bildirib.
Atəşkəs barədə danışan dövlət başçısı, “Ən vacib məsələ bu razılaşmanın olduğu kimi yerinə yetirilməsidir. Türkiyə bu prosesə fəal şəkildə dəstək verəcək” deyə diqqətə çatdırıb.
“Bölgəmiz, xüsusilə Qəzza, kifayət qədər qan tökülməsinə, qətliamlara və göz yaşlarına şahid olub. Sülhə fürsət verilməli, təxribatlardan qaçınılmalıdır”, – deyə R.T.Ərdoğan əlavə edib.
Dövlət başçısı bu razılaşmanı çətinliklərə baxmayaraq qalıcı sülhə doğru “vacib bir addım” kimi qiymətləndirib.
Bildirilir ki, ABŞ tərəfi İsrail ordusunun ilk mərhələdə “sarı xətt” adlanan mövqelərə geri çəkildiyini təsdiqləyib. Razılaşmaya əsasən, “Həmas” 20 girovu azad etməli və 28 nəfərin cəsədini qaytarmalıdır. Əvəzində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinli məhbusu və 2023-cü il oktyabrın 7-dən bəri həbs edilmiş 1.700 nəfəri azad edəcək.