Dekabrın 13-də günortadan sonra rəsmilərin açıqlamasına görə, Amerikanın nüfuzlu universitetlərindən biri olan Braun Universitetinin kampusunda silahlı şəxs tərəfindən həyata keçirilən hücum zamanı iki nəfər öldürülüb, səkkiz adam isə ağır yaralanıb. Hücumçunun hələ də saxlanılmaması səbəbilə hüquq-mühafizə orqanları kampusda və ətraf ərazilərdə olan şəxslərə evlərində qalmaq çağırışı edib.
Providens şəhərinin meri Brett Smayli keçirdiyi mətbuat konfransında açıqlama verərək, hadisənin yerli vaxtla saat 16:22-də (GMT ilə 21:22) radələrində baş verdiyini, insident nəticəsində iki nəfərin həyatını itirdiyini, səkkiz adamın isə ağır yaralandığını bildirib.
Qeyd edək ki, silahlı hücum Braun Universitetinin kampusunda mühəndislik və fizika fakültələrinin yerləşdiyi “Barus” və “Holli” binalarında baş verib. Universitet rəhbərliyi hücumun baş verdiyi vaxt həmin binada eyni anda keçirilməsi planlaşdırılan bir neçə imtahanın olduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli şəxs qara geyimli bir nəfərdir. Providens Polis İdarəsi rəsmisi Timoti Ohara bildirib ki, şübhəlinin saxlanılması üçün bütün mövcud resurslar səfərbər edilib. O, yerində qalma əmrinə əməl olunmasının vacibliyini vurğulayaraq əhaliyə hadisə yerinə yaxınlaşmamaq çağırışı edib.
“Qapıları kilidləyin, telefonları səssiz rejimə alın”
Rəsmilər silahlı şəxsin sonuncu dəfə binanı tərk edərkən görüldüyünü, hadisə yerində hələlik hər hansı silahın aşkar edilmədiyini bildiriblər. Hadisə vaxtı universitet rəhbərliyi təcili xəbərdarlıq yayımlayaraq “(Barus) və (Holli) mühəndislik binalarının yaxınlığında silahlı şəxs var” mesajını paylaşıb.
Xəbərdarlıqda universitet əməkdaşları və tələbələrə “Qapıları kilidləyin, telefonları səssiz rejimə alın və əlavə göstəriş verilənədək gizlənin” çağırışı edilib. Hadisə yerinə dərhal polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yerli VPRI televiziya kanalı ərazidə qan izləri və şəxsi əşyaların görüldüyünü bildirib.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel “X” platformasında paylaşım edərək Federal qurumların bütün imkanları ilə yerli polisə dəstək verdiyini açıqlayıb. Tütün, Alkoqol, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları da əməliyyata cəlb olunub.
Braun Universitetinin “Brown Daily Herald” tələbə qəzetinə danışan tələbə Keti San yaxınlıqdakı binada dərs oxuyarkən silah səsləri eşitdiyini, dərhal əşyalarını götürmədən yataqxanaya qaçdığını bildirib. O qeyd edib ki, atəş səsləri dərs otaqlarının yerləşdiyi hissədən gəlirmiş kimi eşidilib və vəziyyət son dərəcə qorxulu olub.
Hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp məlumatlandırılıb. D.Tramp açıqlamasında deyib: “Bu son dərəcə dəhşətli hadisədir. Hazırda edə biləcəyimiz yeganə şey qurbanlar üçün dua etməkdir.”
Qeyd edək ki, Boston şəhəri yaxınlığında yerləşən Providensdə fəaliyyət göstərən Braun Universitetində təxminən 11 min tələbə təhsil alır. Bu hücum ABŞ-da təhsil müəssisələrinə yönəlmiş silahlı hücumlar silsiləsinin növbəti hadisəsi kimi qiymətləndirilir. Ölkədə odlu silahlara çıxışın məhdudlaşdırılmasına yönəlmiş təşəbbüslər isə siyasi mübahisələr səbəbindən nəticəsiz qalmaqda davam edir.














