Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir

İsrailin radikal sağçı hökuməti fələstinli məhbuslara və xarici media qurumlarına qarşı yeni məhdudiyyətlər tətbiq edən mübahisəli addımlar atır

By
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihələsini qəbul edir

İsrail parlamenti (Knesset) iki mübahisəli qanun layihəsini irəli sürüb: biri fələstinli məhbuslara ölüm cəzasının tətbiqinə icazə verilməsi, digəri isə hökumətə məhkəmə qərarı olmadan xarici media qurumlarını daimi olaraq bağlama səlahiyyətinin verilməsi ilə bağlıdır.

Hər iki təşəbbüs Benyamin Netanyahunun radikal sağ müttəfiqləri tərəfindən dəstəklənib. Qanun təklifi Knessetdə ilk oxunuşdan keçib və yekun təsdiqdən qabaq müzakirə üçün komissiyaya göndərilib.

İlk qanun layihəsi Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” (Otzma Yehudit) partiyası tərəfindən təqdim olunub. Əgər bu qanun təklifi qəbul edilərsə, İsrail vətəndaşlarını öldürməkdə təqsirləndirilən fələstinli məhbuslara ölüm cəzasının tətbiqinə imkan verəcək.

Qanun layihəsi 120 deputatdan 39-nun lehinə, 16-nın əleyhinə səs verməsi ilə ilk oxunuşdan keçib.

Radikal sağçı nazir nəticəni sosial şəbəkə “X”da tarixi an adlandırıb və partiyasının verdiyi sözü yerinə yetirdiyini bildirərək qərarı alqışlayıb.

İnsan hüquqları təşkilatları qanun layihəsini qınayıb və xəbərdarlıq ediblər ki, bu təşəbbüs xüsusilə fələstinliləri hədəf alır və İsrailin işğal altındakı ərazilərdə mövcud olan ayrı-seçkilik sistemini daha da dərinləşdirəcək.

Müzakirələr zamanı ərəb əsilli deputat Ayman Ude ilə Ben-Qvir arasında demək olar ki, fiziki toqquşmaya çevriləcək qədər kəskin sözlü dava yaşanıb. Bu hadisə Knessetdə gərginliyin daha da artdığını göstərib.

Qanun təklifi qəbul olunarsa, İsraildə 1962-ci ildə nasist müharibə cinayətkarı Adolf Eyxmanın edamından sonra ilk dəfə ölüm cəzası tətbiq ediləcək.

 

Media məhdudiyyətləri

Knessetin eyni iclasında deputatlar xarici media qurumlarının müvəqqəti bağlanmasına icazə verən və “Əl-Cəzirə Qanunu” kimi tanınan mövcud qərarı daimi hala gətirəcək yeni bir layihəni də irəli sürüblər. Qeyd edək ki, bu qanun layihəsi “İsrailin təhlükəsizliyinə zərər verdiyi” iddia edilən xarici media təşkilatlarının bağlanmasına imkan verəcək.

“Likud” partiyasının deputatı Ariel Kallner tərəfindən təqdim olunan yeni düzəliş məhkəmə nəzarətini tamamilə aradan qaldıracaq. Hətta bu sayədə xarici media qurumlarının müharibə olmayan dövrlərdə də bağlanmalasına şərait yaradacaq. Qanun layihəsi ilkin oxunuşda 50 lehinə, 41 əleyhinə səslə qəbul edilib.

İsrailin rabitə naziri Şlomo Karhi Knesseti layihəni mümkün qədər tez qəbul etməyə çağırıb və bildirib ki, mövcud müvəqqəti qərarın müddəti artıq bitib.

Hüquq ekspertləri isə bildiriblər ki, bu addım mətbuat azadlığını ciddi şəkildə zəiflədə və ölkənin konstitusion prinsiplərini poza bilər.

Qeyd edək ki, sözügedən qanun ilk dəfə 2024-cü ilin aprelində, B.Netanyahunun Qəzzada törətdiyi soyqırım barədə yayımladığı xəbərlərə görə “Əl-Cəzirə” kanalının İsraildəki bürosunun bağlanması qərarından sonra qüvvəyə minmişdi.

Tənqidçilər bildirirlər ki, hər iki qanun layihəsi İsrailin fələstinlilərə qarşı davam edən hərbi hücumları və kütləvi həbslər fonunda hakimiyyətin avtoritar idarəçiliyi artırdığını göstərir.