Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik plan imzalayıb

ABŞ-ın yüksək vəzifəli rəsmisi çərçivənin hər iki tərəfə təhlükəsizlik zəmanəti verməyi hədəflədiyini söyləyib

By
Tramp / AP

ABŞ-ın yüksək vəzifəli rəsmisi çərçivənin hər iki tərəfə təhlükəsizlik zəmanəti verməyi hədəflədiyini söyləyib.

Ukrayna ilə hələlik planın təfərrüatları barədə məsləhətləşmələr aparılmayıb və Rusiya heç bir təklif almadığını bildirib.

ABŞ-ın yüksək vəzifəli rəsmisi "NBC News" telekanalına bildirib ki, ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün 28 maddəlik planı təsdiqləyib.

"Plan davamlı sülhə nail olmaq üçün hər iki tərəfə təhlükəsizlik zəmanəti verməyə yönəlib. Buraya Ukraynanın davamlı sülh üçün istədiyi və ehtiyac duyduğu faktlar daxildir", -deyə rəsmi qeyd edib.

ABŞ rəsmisi planın təfərrüatlarını açıqlamayıb və bildirib ki, hələ də müvafiq tərəflərlə danışıqlar aparılır.

Üç ABŞ rəsmisi "NBC New" telekanala bildiriblər ki, sülh müqaviləsi üçün çərçivə hələ Kiyevə təqdim edilməyib.

İki ABŞ rəsmisi, bir Avropa rəsmisi və Ukrayna hökumətinə yaxın mənbə bildirib ki, ordu katibi Daniel Driskolun rəhbərlik etdiyi ABŞ ordusunun nümayəndə heyəti noyabrın 19-da iki məqsədi həyata keçirmək üçün Kiyevə səfər edib: hərbi strategiya və texnologiyanı müzakirə etmək və administrasiyanın sülh prosesini yenidən başlatmaq səylərini dəstəkləmək.

ABŞ rəsmisi Kiyevə səfəri Ağ Evin "sülh danışıqlarını yenidən başlatmaq" səylərinin bir hissəsi kimi təsvir edib.

Lakin Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Kiyevdəki görüşdən sonra Driskol ilə görüşmək planlarını təkzib edərək, "belə bir plan yoxdur" deyib. Bu, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqust ayında Alyaskanın Ankoric şəhərində keçirilən vacib zirvə görüşündən bəri irəliləyişin olmamasını göstərir.

Ukrayna hökumətinə yaxın mənbə və məsələ ilə tanış olan Avropa rəsmilərindən biri Ukraynanın təklif olunan sülh planının formalaşmasında hər hansı rol oynamadığını bildirib. Hər iki mənbə Ukraynanın planın ümumi çərçivəsi ilə tanış olduğunu, lakin detallar barədə məlumatlandırılmadığını və ya şərh vermək istənmədiyini qeyd edib.

Digər tərəfdən, Ukrayna rəsmiləri təklifin vaxtının siyasi məqsədli olduğuna inanırlar. Təklif prezident Volodimir Zelensky hökumətinə təsir edən korrupsiya qalmaqalı ilə üst-üstə düşür. Ukraynaya yaxın bir mənbə bildirib ki, rəsmilər bunun Kremlin zəifləmiş Ukrayna rəhbərliyindən sui-istifadə etmək cəhdi olduğuna inanırlar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da bildirib ki, mediada Ukrayna ilə bağlı qeyd olunan vəiddia edilən "sazişlər"lə bağlı ABŞ-dan rəsmi kanallar vasitəsilə heç bir məlumat almayıblar.

Kreml əvvəllər Putinin Trampla Alyaskada görüşməsindən bəri Ukrayna ilə sülh sazişi potensialı ilə bağlı mövqeyinin dəyişmədiyini bildirmişdi.

ABŞ-ın "Axios" xəbər saytının məlumatına görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və Putinin nümayəndəsi Kirill Dmitriyev ötən ayın sonlarında Floridada Ukraynadakı müharibəyə son qoymaq üçün çərçivəni müzakirə etmək üçün görüşüblər.

Məlumata görə, 28 maddəlik ABŞ planı Trampın Qəzzada razılaşma əldə etmək üçün uğurlu cəhdindən ilhamlanıb.