Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Sudanda bir xəstəxanaya endirilən zərbə nəticəsində 13-ü uşaq olmaqla ən azı 64 nəfərin həyatını itirdiyini bildirib.
"X" platformasında paylaşım edən T.A.Qebreyesus Şərqi Darfurun paytaxtı Əl-Daein şəhərindəki xəstəxananın hədəf alındığını, ölənlər arasında uşaqlarla yanaşı, iki qadın tibb bacısı, bir həkim və çoxsaylı xəstənin olduğunu qeyd edib.
ÜST rəhbəri bu son hadisə ilə müharibə dövründə səhiyyə ocaqlarına edilən hücumlar nəticəsində ölənlərin ümumi sayının 2000-i keçdiyini diqqətə çatdırıb. Hücum zamanı 8-i tibb işçisi olmaqla 89 nəfərin yaralandığını açıqlayan Qebreyesus səhiyyə müəssisələrinin və işçilərinin hədəf alınmasının təcili tibbi yardıma ehtiyacı olan icmalar üçün həm qısamüddətli, həm də uzunmüddətli ağır fəsadlar doğurduğunu vurğulayıb.
Sudandakı münaqişələrin dayandırılmasının mülki şəxslərin, səhiyyə və humanitar yardım işçilərinin qorunması üçün mütləq olduğunu bildirən Qebreyesus səhiyyə xidmətlərinin heç vaxt hədəf seçilməməli olduğunu xatırladaraq sülhün ən yaxşı dərman olduğunu vurğulayıb.







