Rusiya və Ukrayna PUA hücumları ilə bir-birini hədəf aldı
Ukraynanın Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan cənub hissəsində gecə saatlarında PUA hücumu nəticəsində bir nəfər həlak olub.
Ukraynanın Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan cənub hissəsində gecə saatlarında PUA hücumu nəticəsində bir nəfər həlak olub. Vasilivka bələdiyyəsinin rəsmisi Natalya Romaniçenkonun məlumatına görə, dağıntılar altından bir qadının cəsədi tapılıb, 10-dan çox adam isə yaralanıb.
Rusiyanın VK sosial media platformasında yayılan görüntülərdə yanğınsöndürənlərin vurulan binadakı yanğını söndürməyə çalışdıqları anlar əks olunub.
Rusiya qüvvələri isə Ukraynanın şimal-şərqindəki Xarkov bölgəsini hədəf alıb. Velika Babka kəndinə edilən hücum nəticəsində 3 nəfər xəsarət alıb.
Ukrayna Fövqəladə Hallar Xidməti Rusiyanın 'ikiqat zərbə' (double tap) taktikasından istifadə etdiyini açıqlayıb. Məlumata görə, ilk PUA hücumu nəticəsində baş verən yanğını söndürməyə gələn yanğınsöndürənlər də PUA hücumuna məruz qalıblar.
Qeyd edək ki, cümə günündən bəri həyata keçirilən raket və PUA hücumlarında ümumilikdə 12 nəfər həlak olub. Xüsusilə Xarkovda beşmərtəbəli yaşayış binasına raket düşməsi nəticəsində ən azı 10 nəfərin həyatını itirdiyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski son bir həftənin statistikasını paylaşaraq Rusiyanın ölkə ərazisinə təxminən 1750 PUA, 1530 idarə olunan bomba və 39 raketlə hücum etdiyini vurğulayıb.