Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampdan 6 yanvar 2021-ci il tarixli çıxışının yanlış montajlanmasına görə üzr istəyib, lakin bunun böhtan iddiası üçün əsas təşkil etdiyi iddiasını qəti şəkildə rədd edib.
BBC noyabrın 13-də verdiyi açıqlamada bildirib ki, BBC-nin sədri Samir Şah Ağ Evə şəxsi məktub göndərərək, Trampın çıxışının səhv montaj edilməsi ilə bağlı özünün və qurumun təəssüfünü ifadə edib. Bu redaktə Tramp tərəfdarlarının bəzilərinin ABŞ Kapitoliyə hücum etməzdən əvvəl baş verib.
Qeyd olunub ki, montaj çıxışın təxminən bir saatlıq fasilə ilə baş verən hissələrini birləşdirib və sənədli filmin yenidən yayımlanması planlaşdırılmır.
Trampın vəkili BBC-yə üzr tələb edən məktub göndərmiş və 1 milyard dollarlıq iddia qaldırmaqla hədələyib.
Söhbət BBC-nin ötən ilin oktyabrında ABŞ prezident seçkiləri ərəfəsində yayımladığı bir saatlıq Panorama proqramına aiddir. Orada çıxış elə redaktə edilib ki, prezidentin Konqres binasını zəbt etməyə çağırdığı qənaətinə gəlmək olar.
Tramp BBC proqramında nümayiş olunan videoda deyib: "Biz Kapitoliyə gedəcəyik, mən də sizinlə olacağam və döyüşəcəyik. Biz sərt mübarizə aparacağıq, çünki sən çox vuruşmasan, daha ölkən olmayacaq".
Əslində bu ifadənin birinci hissəsi çıxışın 15-ci dəqiqəsinə aiddir. Bu belə səslənib: "Biz Kapitoliyə gedəcəyik və cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəyik. Bilirəm ki, buradakı hər kəs tezliklə öz səsini dinc və vətənpərvər şəkildə eşitmək üçün Kapitolinin binasına doğru yürüş edəcək".
Sözün ikinci hissəsi – "ciddi mübarizə aparmaq lazım olduğu barədə" Tramp 54 dəqiqə sonra dilə gətirib. Qəzetin qeyd etdiyi kimi, montaj edilmiş videodan dərhal sonra BBC Konqres binasına doğru gedən insanların görüntülərini nümayiş etdirərək, onların Ağ Evin rəhbərinin çağırışına əməl etdikləri təəssüratı yaradıb. Əslində bu görüntülər Tramp Vaşinqtonda minlərlə tərəfdarının mitinqində çıxışına başlamazdan əvvəl çəkilib.
Baş direktor Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Deborah Törness istefa verərək, qalmaqalın BBC-yə zərər verdiyini və “BBC Xəbərlər və Aktual İşlər CEO-su kimi məsuliyyət mənim üzərimdədir” dediklərini bildiriblər.
Böyük Britaniyanın Baş naziri Kir Starmer noyabrın 12-də güclü və müstəqil BBC-ni dəstəklədiyini, lakin dövlət yayımçısının işlərini qaydasına salmalı olduğunu bildirib.




















