Süni intellektin jurnalistika sahəsinə təsirləri
PUBLİSİSTİK YAZILAR
3 dəqiqə oxuma
Süni intellektin jurnalistika sahəsinə təsirləriMəsələylə bağlı Yusuf Özkırın "TRT Deutsch" üçün hazırladığı maraqlı təhlilini təqdim edirik
Süni intellektin jurnalistika sahəsinə təsirləri / TRT Nihongo
 

Süni intellekt sahəsindəki sürətli irəliləyişlər elmi, təhsili, sənayeni, medyanı və kommunikasiya sahəsini kökündən dəyişdirir. Süni intellekt artıq gələcəyin texnologiyası olmaqla bərabər, hakimiyyəti əldə saxlamaq və gələcəyi formalaşdırmaq baxımından qlobal bir gücə çevrilir.

Bu böyük dəyişikliyin ən diqqətçəkən tərəfi isə bəlkə də ən həssas sahədə, jurnalistika sahəsində yaşanır.

Dünya üzrə yaşanan narahatedici hallar və Almaniyada süni intellektlə yazılmış xəbər xülasələri ətrafında gedən müzakirələr bizə çox aydın bir mesaj verir: Şəffaflıq, cavabdehlik və redaktor nəzarəti artıq təxirə salınacaq məsələlər deyil.

Eyni zamanda, dünya üzrə süni intellekt sahəsində ABŞ texnologiya şirkətlərinin hökmranlığı gedərək artmaqdadır. Bu şirkətlərin sistemləri qlobal informasiya nizamını, şərhləri və məzmunu tədricən özü idarə etməyə başlayır.

Məhz buna görə də Çin və Türkiyə kimi ölkələr öz texnoloji alternativilərini yaradırlar. Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilən "Türkiyə Süni İntellekt Fəaliyyət Planı 2026-2030" sadəcə texnoloji bir modernləşmə deyil. Bu plan eyni zamanda rəqəmsal suverenlik və strateji müstəqillik axtarışının təzahürüdür.

İndi isə gələk etik müzakirələrin iki əsas qisminə. Birinci qism: Süni intellektin hazırladığı məzmunların tərəfsizliyi məsələsidir.

Məsələn, bəzi süni intellekt sistemləri müəyyən siyasi və ya ideoloji baxışları sanki obyektiv informasiya kimi təqdim edə bilir. Bu, jurnalistlər və oxucular üçün ciddi bir problemdir. Çünki bu kimi alqoritmik yanıltmaları aşkar etmək, yoxlamaq və aradan qaldırmaq həm əlavə zəhmət tələb edir, həm də süni intellektə olan inamı sarsıdır.

İkinci qism isə birbaşa media sənayesinə aiddir. Burada xəbər məzmununun necə hazırlanması, xəbərlərdə süni intellektdən nə dərəcədə istifadə olunacağı və jurnalistin məsuliyyətinin hardan başlamalı olduğu sualları ortaya çıxır.

Almaniya hazırda bu müzakirələrin tam mərkəzindədir.

"Jüdische Allgemeine" qəzeti "Tagesspiegel" qəzetinin sabiq yayımçısı Stefan-Andreas Kasdorffa məxsus iki müəllif yazısını süni intellektlə yazıldığı şübhəsilə saytdan sildi. Məqalələr silindikdən sonra baş redaktor daha sərt qaydalar açıqladı. Beləliklə baş yazılar və şərhlər bundan sonra daha diqqətlə araşdırılacaq. Onların insan, yoxsa süni intellekt tərəfindən yazıldığı dəqiqləşdiriləcək.

"Frankfurter Allgemeine Zeitung" qəzeti isə Türingiya Əyalətinin Baş Nazirinə aid məqaləsini saytından çıxardı. "Die Zeit" nəşrinin araşdırmasına görə, Rəqəmsal İnkişaf Nazirinin adı ilə dərc olunan bir neçə məqalədə də qüsurlar tapılıb.

Lakin burada bir məqamı aydınlaşdırmaq lazımdır. Bu, sadəcə Almaniyaya xas olan bir problem deyil. Süni intellektlə hazırlanan məzmunlar artıq uzun zamandır ki, qlobal bir reallığa çevrilib. Əgər qəti tədbirlər görülməzsə, orijinal məzmunla süni intellektin hazırladığı mətni bir-birindən ayırmaq getdikcə çətinləşəcək.

Müzakirələrin mərkəzində üç əsas prinsip dayanır: Şəffaflıq, redaktor məsuliyyəti və oxucu etimadı.

Bəs bu problemdən çıxış yolu nədir?

Süni intellektdən istifadə artıq gündəlik jurnalist fəaliyyətinin bir hissəsinə çevrilib. Araşdırmadan tutmuş infoqrafikaların tərtibatına, mətnlərin yazılmasına qədər hər mərhələdə var. Bunu inkar etmək həqiqətə zidd olardı.

Lakin bu istifadənin dəqiq etik standartlara əsaslanması həyati əhəmiyyət kəsb edir.

Almaniya Mətbuat Şurası da bu məsələni xüsusi vurğulayır. Əsas olan sadəcə süni intellektin tətbiq sahəsi deyil. Diqqət, dəqiqlik, məsuliyyət və şəffaflıq kimi əsas jurnalistika prinsiplərinə əməl olunmasıdır.

Ən vacib məqam isə budur ki, süni intellekti istifadə edən insan hər zaman məsuliyyətli davranmalıdır. Süni intellekt xəta edə bilər, uydurma məlumat verə bilər və ya səthi məzmun yarada bilər. Buna görə də jurnalistlər sistemə dəqiq tapşırıqlar verməli, nəticələri yoxlamalı və mətnə öz şərhlərini, üslubunu, eləcə də baxış bucağını əlavə etməlidirlər.

Əgər süni intellektdən qərəzli şəkildə, dezinformasiya və manipulyasiya məqsədilə istifadə olunarsa, etik müzakirələr orada bitmiş olar və həmin an hüquqi məsuliyyət başlayar.

MƏNBƏ:TRT