DÜNYA
2 dəqiqə oxuma
Suriya Prezidenti: "YPG terror təşkilatı Hələbdə apreldə qəbul edilən sazişi pozub"
Suriya prezidenti Əhməd əl-Şaraa Şeyx Məqsud məhəlləsində YPG terror təşkilatı ilə artan toqquşmaların şəhərdə təhlükəsizliyi pozduğunu və...
Suriya Prezidenti: "YPG terror təşkilatı Hələbdə apreldə qəbul edilən sazişi pozub"
Suriya prezidenti Əhməd əl-Şaraa / AA
15 yanvar 2026

Suriya prezidenti Əhməd əl-Şaraa Şeyx Məqsud məhəlləsində YPG terror təşkilatı ilə artan toqquşmaların şəhərdə təhlükəsizliyi pozduğunu və iqtisadi investisiyalara zərər verdiyini bildirib.

Suriya dövlət televiziyasının məlumatına görə, Suriya prezidenti Əhməd əl-Şaraa YPG terror təşkilatının Hələbin Şeyx Məqsud məhəlləsi ilə bağlı 1 aprel 2025-ci il tarixli sazişinə əməl etmədiyini deyib.

"El-İhbariye" telekanalı bu gün (15 yanvar 2026) əl-Şaraanın bu açıqlamaları verdiyini bildirib. O deyib: “Sazişdə terror təşkilatının çətiri altında olan terrorçuların Şeyx Məqsuddan geri çəkilməsi və Daxili İşlər Nazirliyinin məhdud sayda təhlükəsizlik işçisinin yerli əhali ilə birlikdə bölgənin özünə məxsus sosial quruluşuna görə təhlükəsizliyi və xidmətləri idarə etmək üçün qalacağı nəzərdə tutulurdu”.

Əl-Şaraa YPG terror təşkilatının həmin vaxt geri çəkilmənin başa çatdığını elan etdiyini də bildirib.

Lakin əl-Şaraa təxminən iki ay sonra toqquşmaların yenidən başladığını, Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd kimi ərəblərin, kürdlərin və xristianların yaşadığı məhəllələrin artilleriya atəşinə tutulduğunu bildirib.

Əl-Şaraa bazarlara və mülki ərazilərə düşən mərmilərin Hələb boyunca təhlükəsizliyi birbaşa pozduğunu qeyd edib, davam edən zorakılığın Hələbi iqtisadi mərkəz, əhəmiyyətli sənaye və kənd təsərrüfatı infrastrukturuna malik həyati ticarət dəhlizi kimi tanıtmaq səylərini sabotaj etdiyini vurğulayıb.

Milli prioritet

Əl-Şaraa yaşayış məntəqələri bir neçə aydan bir atəşə tutularkən dövlətin qlobal investisiya cəlb edə bilməyəcəyini bildirib və Hələbin qorunmasının və sabitləşdirilməsinin vacib milli prioritet olduğunu vurğuladyıb.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Suriya Prezidentliyi ölkənin ərazi bütövlüyünü təsdiqləyən, ayrılma cəhdlərini rədd edən və YPG-nin dövlət qurumlarına inteqrasiyasını da əhatə edən bir razılaşma elan etdi. 2025-ci ilin aprel ayında Suriya hakimiyyəti Şeyx Məqsud və Əşrəfiyyə məhəllələri ilə bağlı xüsusi bir razılaşma imzaladı və hər iki ərazinin yerli xüsusiyyətlərinə hörmət edilmək şərti ilə Hələb şəhərinin inzibati hissələri olaraq qalacağını şərtləndirdi.

Sazişdə yalnız daxili təhlükəsizlik qüvvələrinin silah daşımasını məhdudlaşdırmaq və YPG-nin Suriyanın şimal-şərqindəki Fəratın şərqinə çəkilməsi kimi müddəalar yer alırdı. Lakin rəsmilər YPG terror təşkilatının bu sazişlərin şərtlərinə əməl etmədiyini bildiriblər.

24 illik hakimiyyətdən sonra, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən bəri Suriya hökuməti ölkə daxilində təhlükəsizliyin bərpası üçün səylərini artırıb.