Fransa və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr Avstraliyanı nümunə götürərək uşaqların və bəzi yeniyetmələrin sosial mediadan istifadəsinin qadağan edilməsini nəzərdən keçirir. Bununla belə, mütəxəssislər bu addımın effektivliyi mövzusunda hələ də mübahisə aparır.
Qadağaların tərəfdarları gənclər arasında getdikcə pisləşən psixi sağlamlıq vəziyyəti ilə mübarizə aparmaq üçün təcili addımların atılmalı olduğunu bildirirlər. Sərt qadağalara qarşı olanlar isə məsələylə bağlı mövcud sübutların qəti olmadığını əsas gətirərək daha incə və mərhələli yanaşma tələb edir.
Xəbər verildiyi kimi, Avstraliya ötən ay 16 yaşdan aşağı şəxslərin “Instagram”, “Facebook”, “TikTok” və “YouTube” kimi son dərəcə populyar sosial media platformalarından istifadəsini qadağan edən ilk ölkə olub.
Fransada isə hazırda 15 yaşdan aşağı şəxslər üçün oxşar qadağanı nəzərdə tutan və prezident Emmanuel Makron tərəfindən dəstəklənən qanun layihəsi və mövcud hüquqi mexanizmlər müzakirə olunur.
Böyük Britaniyanın “The Guardian” qəzeti ötən həftə hökumət rəsmiləri ilə görüşmək üçün Avstraliyada tədbiq olunan qadağanın tərəfdarı olan amerikalı psixoloq Conatan Haydtinin dəvət edildiyini yazıb.
C.Haydt 2024-cü ildə bestsellerə çevrilmiş “Narahatlıq içində böyüyən nəsil” adlı kitabında ekranlara, xüsusilə sosial mediaya həddindən artıq baxmağın uşaqların beyinlərini mənfi şəkildə formalaşdırdığını və bunun psixi sağlamlığın pozulmasına yol açdığını irəli sürüb.
Lakin həmin bu kitab akademik mühitdə birmənalı şəkildə qarşılanmayıb. Belə ki, kanadalı psixoloq Kandis Odqers kitabla bağlı rəyində C.Haydtin irəli sürdüyü fikirlərin elmi sübutlarla dəstəklənmədiyini yazıb.
Fikir ayrılığının əsas səbəblərindən biri sosial media istifadəsinin gənclərin psixi sağlamlığına real təsir dərəcəsinin hələlik dəqiq müəyyənləşdirilməməsidir.
Məsələylə bağlı Kvinslend Universitetinin tədqiqatçısı Maykl Notel isə AFP-yə bildirib ki, milyardlarla istifadəçi arasında kiçik təsirlər zamanla toplanaraq əhəmiyyətli nəticələr yaradır. M.Notel sosial medianın yeniyetmələrə zərər verdiyini göstərən kifayət qədər sübutun mövcud olduğunu qeyd edərək, bəzi tənqidçilərin reallıqdan uzaq dərəcədə yüksək sübut tələbi irəli sürdüyünü bildirib. O deyib: “Oxuduqlarım əsasında deyə bilərəm ki, C.Haydt kitabında çox haqlı məqamlara vurğu edib.”
Həmçinin M.Notel bu təşəbbüsün mümkün faydaları nəzərə alaraq, qadağanın “risk etməyə dəyər bir addım” ola biləcəyini də bildirib.
Fransanın ictimai sağlamlıq üzrə nəzarət qurumu ANSES məsələylə bağlı sübutları araşdırdıqdan sonra ötən həftə sosial medianın yeniyetmələr, xüsusilə qızlar üzərində bir sıra zərərli təsirləri olduğunu, lakin bunun psixi sağlamlıqdakı geriləmənin yeganə səbəbi olmadığını açıqlayıb.
Hər şeydə ölçü prinsipi?
M.Notel ötən il “Psychological Bulletin” jurnalında dərc olunan və ekran istifadəsi ilə uşaqlar və yeniyetmələrdə müşahidə edilən psixoloji və emosional problemlər arasındakı əlaqəni araşdıran, dünya üzrə 100-dən çox tədqiqatı əhatə edən icmala rəhbərlik edib.
Tədqiqatçı nəticələrə əsasən həddindən artıq ekran arxasında vaxt keçirməyin xüsusilə sosial media və video oyunların uşaqlardakı problemlərin mənbəyi kimi göstərib. Bu problemlərin ən başlıca olanı isə gəncləri ekranlara daha çox yönəlməyə vadar edir.
Lakin digər alimlər genişmiqyaslı qadağalara ehtiyatla yanaşırlar.
Adelaida Universitetinin tədqiqatçısı Ben Sinx “JAMA Pediatrics” jurnalında dərc olunan araşdırma çərçivəsində üç il ərzində 100 mindən çox avstraliyalı yeniyetməni izləyib.
Araşdırma göstərib ki, psixoloji olaraq normanın altında olan gənclər sosial mediadan intensiv istifadə edənlər və ya ondan ümumiyyətlə istifadə etməyənlərdir. Sosial mediadan orta səviyyədə istifadə edən yeniyetmələrin vəziyyətinin isə daha yaxşı olduğu müəyyən edilib.
Məsələylə bağlı B.Sinx AFP-yə verdiyi müsahibədə deyib: “Nəticələr göstərir ki, həm həddindən artıq məhdudlaşdırma, həm də həddindən artıq istifadə problem yarada bilər.”
Aparılan tədqiqatlara görə, ekran arxasında həddindən artıq vaxt keçirənlər arasında ən çox zərər görən qrup qızlardır. Sosial mediadan tam məhrum qalmağın isə yeniyetməlik dövrünün son mərhələsində olan oğlanlar üçün daha zərərli olduğu müəyyən edilib.
“Həddən artıq zəhərli”
Fransalı psixiatr Serj Tisseron uzun müddətdir ki, ekranların sağlamlıq üçün yaratdığı ciddi risklər barədə xəbərdarlıq edən mütəxəssislər sırasındadır.
S.Tisseron AFP-yə verdiyi açıqlamada deyib: “Sosial media həddindən artıq dərəcədə zəhərlidir.”
Bununla belə, o, texnologiyaya yaxşı bələd olan gənclərin qadağaları asanlıqla aşacağından və bu cür addımların valideynlərin məsuliyyətini azalda biləcəyindən narahatlığını ifadə edib.
“Bu məsələylə bağlı mübahisə son illərdə ya tam qadağa, ya da heç nə etməmək arasında kəskin şəkildə qütbləşib”, — deyən J.Tisseron daha balanslı və çevik tənzimləmələrə çağırış edib.
Alternativ variantlardan biri də Avstraliya təcrübəsinin nəticələrini gözləməkdir.
Kembric Universitetinin tədqiqatçısı Emi Orben deyib: “Bir il ərzində Avstraliyanın sosial media qadağasının nə dərəcədə effektiv olduğu və arzuolunmaz nəticələr doğurub-doğurmadığı barədə xeyli daha çox məlumata sahib olacağıq.”
Qeyd edək ki, ötən həftə Avstraliyanın onlayn təhlükəsizlik üzrə tənzimləyici qurumu texnologiya şirkətlərinin artıq 16 yaşdan aşağı istifadəçilərə məxsus 4,7 milyon hesabı blokladığını açıqlayıb.












