ABŞ və İsrailin İrana hücumu dünyada narahatlığa səbəb olub

İsrael Kats  İsrailin İrana zərbə endirdiyini açıqladı

By
ABŞ və İsrailin İrana hücumu dünyada narahatlığa səbəb olub / AP

İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana zərbə endirdiyini açıqladı.

"İsrail dövləti ölkəyə qarşı mövcud təhdidləri aradan qaldırmaq məqsədilə İrana qabaqlayıcı zərbələr endirib",-deyə İsrael Kats bildirib.

Onun sözlərinə görə, ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edilib və vətəndaşlara Daxili Cəbhə Komandanlığının təlimatlarına ciddi şəkildə əməl etmələri barədə çağırış edilib. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında da qabaqlayıcı zərbələrin endirildiyi və ölkənin fövqəladə vəziyyət rejiminə keçdiyi təsdiqlənib.

Şahidlər İranın paytaxtı Tehranın mərkəzində güclü partlayış səslərinin eşidildiyini bildirirlər. "Fars" xəbər agentliyinin məlumatına görə, partlayış səsləri təkcə Tehranda deyil, həmçinin İsfahan, Qum, Kərəc və Kermanşah şəhərlərində də eşidilib.

İran hökuməti hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu hərbi hücum ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bir vaxtda həyata keçirilib.

İsrail ordusu mümkün raket hücumlarına qarşı ölkənin bütün ərazisində xəbərdarlıq sirenlərini işə salıb. Eyni zamanda ordunun qərarı ilə ölkədə kütləvi toplantılar və təlim fəaliyyətləri qadağan edilib, iş yerlərinin fəaliyyəti dayandırılıb. Açıqlamada yalnız həyati əhəmiyyət kəsb edən sektorların bu qadağalardan azad edildiyi və fəaliyyətlərini davam etdirəcəyi bildirilib.

Adı açıqlanmayan ABŞ rəsmisi və əməliyyatdan məlumatlı mənbənin verdiyi məlumata görə, ABŞ İrana qarşı həyata keçirilən hücumda iştirak edib, lakin bu müdaxilənin miqyası hələlik bəlli deyil. "Reuters" agentliyinə müsahibə verən rəsmi mənbə hücumların həm hava, həm də dəniz vasitəsilə həyata keçirildiyini bildirib. Gərginliyin artması ilə əlaqədar hər iki ölkə öz hava məkanlarını uçuşlar üçün bağladıqlarını elan ediblər.

Əməliyyat zamanı ilk zərbələr İranın ali dini lideri Ayətullah Əli Xameneinin ofisinin yaxınlığındakı ərazini hədəf alıb. 86 yaşlı Xameneinin hücum anında həmin ərazidə olub-olmadığı hələlik dəqiqləşməsə də, "Reuters"ə məlumat verən rəsmi şəxs onun Tehran kənarındakı təhlükəsiz bir sığınacağa aparıldığını qeyd edib.

İranın ISNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrailin həyata keçirdiyi ilkin hücumlar nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun çox sayda üzvü həlak olub və yaralanıb.