ABŞ İrana hücum üçün Yaxın Şərqə son onilliyin ən böyük hərbi qüvvəsini yeridib
CENTCOM bildirib ki, İrana qarşı hücumlarda 50 min hərbçi, 200 döyüş təyyarəsi və iki təyyarədaşıyan gəmi iştirak edib
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Bred Kuper martın 3-də bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlarda 50 mindən çox hərbçi, 200 döyüş təyyarəsi və iki təyyarədaşıyan gəmi iştirak edir.
B.Kuper video müraciətində qeyd edib ki, əməliyyat hazırda dördüncü gününə daxil olub və bu, son onillikdə ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaq hesab olunur.
Onun sözlərinə görə, hücumların başlanmasından bəri ABŞ və İsrail qüvvələri İran ərazisində 2 mindən çox sursatdan istifadə etməklə təxminən 2 min hədəfi vurub.
B.Kuper bildirib ki, İran buna genişmiqyaslı cavab hücumları ilə qarşılıq verib və 500-dən çox ballistik raket, həmçinin 2 mindən çox pilotsuz uçuş aparatı buraxıb.
“Biz eyni zamanda İran Hərbi Dəniz Qüvvələrini də məhv edirik, bütün donanmanı batırırıq. İndiyədək 17 İran gəmisini məhv etmişik”, – deyə o bildirib.
Cavab hücumlarına baxmayaraq, B.Kuper qeyd edib ki, hərbi əməliyyatlar davam etdiyi müddətdə İranın ABŞ qüvvələrini və müttəfiqlərini vurmaq imkanları azalmaqdadır.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan sonra regionda gərginlik daha da artıb. Həmin hücumlar nəticəsində təxminən 800 nəfərin həyatını itirdiyi bildirilir. Ölənlər arasında İranın ali dini lideri Əli Xamenei və yüksək rütbəli hərbi rəsmilərin də olduğu qeyd olunur.
İran isə buna cavab olaraq İsraili və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib.
CENTCOM həmçinin bildirib ki, əməliyyat zamanı Küveytdə yerləşən taktiki əməliyyat mərkəzinə İran tərəfindən edilən hücum nəticəsində altı ABŞ hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb.